AnalitikaGündəmSiyasət

Azərbaycan, Pakistanla iqtisadi və müdafiə sahələrində əməkdaşlıqda yeni addımlar atır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi qəbul edib. Görüş iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev görüş zamanı Pakistanın Azərbaycan üçün ən yaxın dost ölkələrdən biri olduğunu vurğulayaraq, hər iki dövlətin beynəlxalq arenada qarşılıqlı dəstəyi davam etdirəcəyini bəyan edib. Hər iki lider görüşdə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, iqtisadi münasibətlərin inkişafının vacibliyini önə çəkiblər.

Azərbaycanın Pakistanda həyata keçirəcəyi sərmayə layihələri görüşün əsas mövzularından biri olub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Pakistandakı müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Artıq layihələr siyahıya alınıb və bir ay ərzində yekun sənədlərin imzalanması planlaşdırılır.

Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq xüsusi yer tutur. Pakistanın müdafiə sənayesinin istehsal etdiyi məhsulları yüksək qiymətləndirən Azərbaycan, gələcəkdə birgə istehsal layihələrini həyata keçirmək niyyətindədir. Bu, həm müdafiə potensialının gücləndirilməsinə, həm də ixrac imkanlarının artırılmasına töhfə verəcək.

Görüşdə nəqliyyat və kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi də xüsusi vurğulanıb. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında əsas tərəfdaş kimi çıxış edir. Liderlər bu əməkdaşlığın regionda sabitlik və iqtisadi inkişaf üçün mühüm olduğunu qeyd ediblər. Eyni zamanda energetika, xüsusilə maye qaz sahəsində əməkdaşlığın genişləndirilməsi barədə də razılığa gəlinib. Gələcəkdə enerji sahəsində əməkdaşlığın genişlənəcəyi gözlənilir.

Biznes-forumda səsləndirilən təkliflər əsasında şirkətlər arasında əməkdaşlığın artacağı və qarşılıqlı sərmayələrin sürətlə inkişaf edəcəyi bildirilib. Azərbaycanın Pakistana minimum 2 milyard dollar sərmayə yatıracağı barədə Prezident İlham Əliyevin bəyanatı, münasibətlərin iqtisadi sahədə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.

Ümumilikdə görüş zamanı 10-dan artıq sənəd imzalanıb. Bu sənədlər gələcək əməkdaşlıq üçün mühüm zəmin formalaşdırır. Xüsusilə enerji, kənd təsərrüfatı, müdafiə sənayesi və digər strateji sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Prezident İlham Əliyev, Pakistanla münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edərək, Baş nazir Şahbaz Şərifin rəhbərliyi altında həyata keçirilən islahatları yüksək qiymətləndirib və Azərbaycan olaraq Pakistanın uğurlarına dəstəyin davam edəcəyini bildirib .

Mehriban Hacıyeva,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin direktoru 

Oxşar Xəbərlər

Back to top button