
Məlumdur ki, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur və bu münasibətlər dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir. Hər iki ölkənin sıx dostluq əlaqələri var.
Qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyun ayında qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Onu da qeyd etmək lazımdır ki, istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə Pakistan Azərbaycana daim öz dəstəyini nümayiş etdirib.
Vətən müharibəsinin başlandığı ilk gündən qardaş ölkə olan Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstək göstərdiyini biz artıq bilirik. Elə bu səbəbdən də, Azərbaycan, Türkiyə və Pakistanın bayraqları hər yerdə birgə dalğalanırdı.
Qeyd edək ki, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Prezident İlham Əliyev çıxışında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi və nümayəndə heyətini salamlayıb, qeyd edib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.
Pakistana dövlət səfəri zamanı oradakı çıxışını xatırladan Prezident İlham Əliyev Azərbaycanın Pakistanda müxtəlif layihələrə minimum iki milyard dollar sərmayə yatırmağa hazır olduğunu bildirib.
Çıxışına davam edən Prezident İlham Əliyev qeyd edib ki, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır.
Bəli, Prezident İlham Əliyevin də bildirdiyi kimi, biz Pakistanla tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.
Cahan Mahmudova,
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin İnformatika laborantı