AnalitikaGündəmSiyasət

Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı mühüm önəm daşımaqla yeni dünya nizamında olduqca böyük təsirə malikdir

Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.  İki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib.

Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb.Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə Azərbaycan–Pakistan münasibətləri müasir inkişaf mərhələsinə yüksəlib. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb.

Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün indiyədək ciddi səylər göstərilib, müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu sahədə göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərib. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb.Hazırda iki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri çərçivəsində fevral ayının 24-də iki ölkə arasında imzalanmış sənədlər – Dövlət Neft Şirkəti ilə “Pakistan State Oil Company Limited” və “Pakistan Refinery Limited” (PRL) müəssisələri arasında Anlaşma Memorandumunun imzalanması, eləcə də mayeləşdirilmiş təbii qaz yüklərinin, neft məhsullarının alqı-satqısı ilə bağlı sazişlərin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadilə edilməsi də iki dost ölkə münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini və yeni əməkdaşlıq imkanlarının yaranacağını deməyə əsas verir. Azərbaycan–Pakistan iqtisadi əməkdaşlığı mühüm önəm daşımaqla yeni dünya nizamında olduqca böyük təsirə malikdir. Bu əlaqələrin təkmilləşdirilməsi və yeni perspektivlərin müzakirəsi iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə müsbət təsir göstərir. Pakistanın özəl strukturu azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunub. Təbii ki, Azərbaycan da Pakistanda bir sıra, xüsusilə humanitar səramayə qoyuluşlarının həyata keçirilməsini diqqətdə saxlayıb.

Aytən Musayeva,
Maştağa qəsəbəsi, 293 № tam orta məktəbin tarix  müəllimi 

Oxşar Xəbərlər

Back to top button