AnalitikaGündəmSiyasət

Azərbaycan və Pakistan bütün məsələlərdə bir-birinə dəstək olub

Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin yeni dövrün hədəflərini açıqlayarkən səsləndirdiyi “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb” çağırışı özündə əsas məqamları ehtiva edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarıdır və bunu atdığı addımlarda nümayiş etdirir.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də ölkəmizə dövlət səfərinə gəlib. Hər bir səfər keçilən yolun təhlilini bir zərurətə çevirməklə yanaşı, münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, həmçinin Azərbaycan və Pakistan liderləri səfərin mahiyyətini, iki ölkənin münasibətlərinin dünənini və gələcəyini özündə əks etdirən mətbuata birgə bəyanatla çıxış etdilər. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.

Azərbaycan-Pakistan münasibətlərinin bugünkü inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Ölkələrimiz arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. İki dost dövlət müdafiə, təhlükəsizlik, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Ümumilikdə hesab edirəm ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər də böyük əhəmiyyətə malikdir və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verəcək.

Samiyə Abdulkərimova,
12 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Back to top button