AnalitikaGündəmSiyasət

Azərbaycanla Pakistan strateji tərəfdaşdırlar

Azərbaycan-Pakistan münasibətlərinin dinamikası haqqında aydın təsəvvürə malik olmaq üçün son üç ildə iki ölkənin dövlət və hökumət başçılarının səfərlərinə diqqət yetirmək kifayətdir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 2023-cü ildə ölkəmizə rəsmi, Prezident İlham Əliyev ötən il Pakistana dövlət səfəri etdilər. Dövlətimizin başçısının reallaşdırdığı səfər çərçivəsində 15 sənədin imzalanması münasibətlərimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynayır. Ötən il, eyni zamanda, dövlət başçısı İlham Əliyevin ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü oldu. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsinin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edildi. Məlumdur ki, tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycan və Türkiyə qardaşlığının, müttəfiqliyinin təsdiqi kimi Şuşa Bəyannaməsinin ardınca, Bakı Bəyannaməsi də imzalandı. Bu sənəd Bakıda bir araya gələn Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri tərəfindən imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında öz sözünü deyir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin budəfəki səfəri çərçivəsində də münasibətlərimizin gələcək inkişafında yol xəritəsi olacaq sənədlər imzalandı.

Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Onu da qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşan sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyevin iki ölkənin münasibətlərinin inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar yaranır. İki ölkə arasında siyasi, iqtisadi, hərbi və müdafiə sahəsində əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin dekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması digər üzv dövlətlərlə yanaşı, Pakistanla da iqtisadi əlaqələrin inkişafında həmiyyətli rol oynayacaq. D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar.

Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button