AnalitikaGündəmSiyasət

Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyinə dəstək olub

Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrin inkişafında xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri də müdafiə sahəsidir. Bu baxımdan Azərbaycan-Pakistan əlaqələri nümunə göstərilə bilər. İndiyədək iki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində sənədlər imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi istiqamətində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Üç qardaşın-Azərbaycan, Türkiyə və Pakistanın birgə həyata keçirdikləri hərbi təlimlər regionda sülhə, təhlükəsizliyə hədəflənir.

İki ölkənin strateji xarakter daşıyan münasibətləri bütün sahələrdə, o cümlədən mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf edir. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı bəslədiyi dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Təhsil sahəsində qarşılıqlı proqramların inkişafı, universitetlər arasında imzalanan memorandumlar və akademik mübadilə layihələri bu əməkdaşlığı daha da dərinləşdirir.

Pakistanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi önəm verilib. İki ölkənin münasibətlərinin gələcəyinə gəldikdə isə deyə bilərik ki, iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələrin sayı artacaq. Bu addımlar regionda və dünyada sabitliyə töhfə verəcək.

Vüqar Musayev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button