
Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə olan Pakistanla hər zaman dostluq münasibətləri mövcud olmuşdur. Hələ mərhum prezident- Heydər Əliyevin dövründə İslamabadda Respublikamızın daimi nümayəndəliyi açılmış, “Əməkdaşlıq haqqında Müqavilə” imzalanmış, hər iki ölkə prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birlərini dəstəklədiklərini bəyan etmişlər.
Pakistan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə müdafiə edərək, Ermənistanın işğalçılıq siyasətini sərt tənqidə tutmuş, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə etmişdir. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib. Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.
Dövrümüzdə ölkələrimiz arasında energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlığı davam edir. Bu siyasətin davamı olaraq, fevralın 24- də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına dövlət səfərinə gəlmişdir. Görüşdə hər iki ölkənin neft şirkətləri arasında müqavilələr imzalanmış, Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” təsdiq edilmiş, gömrük, ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunmuş, həmçinin, peşə təhsili sahəsində əməkdaşlıq haqda qərar qəbul olunmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, mədəniyyət və təhsil mübadiləsinin inkişafı Azərbaycan və Pakistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirir. Bu, ölkələr arasında daha sıx əlaqələr və anlaşma yaratmağa kömək edir. Eyni zamanda, nəqliyyat sahəsində da imkanlar nəzərdən keçirilmişdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub kimi hər iki dəhlizin marşrutu üzərində yerləşir və bununla da, bağlantı nöqtələrini yaratmaqla daha geniş imkanlar verir. Həmçinin, müdafiə sənayesi sahəsində təşkil olunan birgə hərbi təlimlər və müdafiə sahəsində təcrübə mübadiləsi regionda təhlükəsizliyi gücləndirilməsinə yol açır. Əməkdaşlıq hər iki ölkəyə öz müdafiə qabiliyyətini artırmağa, sülh və sabitliyi qorumağa kömək edir. Bu amillər regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi inkişafa və siyasi sabitliyə töhfə verir ki, bu da bütün regiona müsbət təsir göstərir. Bakı ilə İslamabad arasındakı münasibətlər iki xalq arasında tarixi, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanan əsl dostluğun nümunəsidir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi