
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır.
İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub.
Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb.
Eyni zamanda 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib. Sözsüz ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb.
Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verib. Cənab Prezident hər zaman Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Azərbaycanın Pakistanın ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır:
“Bu xüsusda Azərbaycan Pakistan üçün vacib amil olan Cəmmu və Kəşmir məsələsində birmənalı dəstək ifadə edib. Cənab Prezident də qeyd edib ki, bu, bizim qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Reallıq odur ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalıb, pozulub.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı