
“Cari ilin 16 aprel tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha nümayiş etdirdi. Bu münasibətlər təkcə iki qonşu ölkə arasında deyil, həm də geniş regional kontekstdə mühüm əhəmiyyət daşıyır”.
Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu sülh, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamışlar. Bu dərin tarixi əlaqələr bu gün də dövlətlərarası münasibətlərdə öz əksini tapır. Prezident İlham Əliyevin vurğuladığı kimi iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək prinsipi əsasında fəaliyyət göstərilir. Bu, regionda sabitliyin və etimad mühitinin əsas sütunlarından biridir. Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış birgə enerji və nəqliyyat layihələri təkcə iki ölkənin deyil, ümumilikdə Avrasiya məkanının enerji və logistik xəritəsini dəyişdirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Avropanın enerji təhlükəsizliyinə və qitələrarası nəqliyyat bağlantılarının möhkəmlənməsinə ciddi töhfə verir. Azərbaycan hal-hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bu prosesin mühüm hissəsi Gürcüstan ərazisindən keçir. Bu, Gürcüstanın regional enerji tranzit mərkəzi kimi rolunu gücləndirir.
“Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə xüsusi önəm verir. Uzun illər münaqişə və gərginliklərə səhnə olmuş bu regionun gələcəyində əməkdaşlıq, qarşılıqlı hörmət və tərəfdaşlıq əsas rol oynamalıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Cənubi Qafqazın “qara səhifələri” tarixdə qalmalı və region inkişafla, tərəqqi ilə tanınmalıdır”.
Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan əlaqələri bu gün regionda sabitliyin, əməkdaşlığın və inkişafın simvoludur. Prezident İlham Əliyevin bəyanatında əksini tapan fikirlər bu münasibətlərin gələcəkdə də yüksələn xətlə davam edəcəyinə əminlik yaradır. Enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri, regional sabitlik və beynəlxalq platformalardakı dəstək – bütün bunlar iki ölkənin strateji tərəfdaşlığının əsas dayaqlarıdır.