
“21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının nüfuzlu Sinxua informasiya agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında möhkəmlənən strateji əməkdaşlığın əsas istiqamətlərini və perspektivlərini bir daha nümayiş etdirdi. Müsahibə xüsusilə 2023-cü ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin tarixi əhəmiyyətini vurğulamaqla yanaşı, bu tərəfdaşlığın regional və qlobal miqyasda əhəmiyyətini ön plana çıxardı”.
Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini rəsmi strateji tərəfdaşlıq mərhələsinə yüksəltməklə, qarşılıqlı hörmət, bərabərlik və etimada əsaslanan əlaqələrin yeni formatını müəyyənləşdirdi. İki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsipi bu münasibətlərin fundamental dayaqlarından biri kimi qeyd olundu. Prezident İlham Əliyevin sözləri ilə desək, bu əməkdaşlıq böyük nailiyyət olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyət də tələb edir. Eyni zamanda, Azərbaycan və Çin rəhbərləri arasında keçirilən görüşlər, o cümlədən Astana şəhərində baş tutan yüksək səviyyəli danışıqlar, siyasi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
“Çin hal-hazırda Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə əmtəə dövriyyəsi 20,7% artaraq 3,744 milyard dollara çatıb. ÇXR Azərbaycanın idxal bazarında lider mövqeyə sahib olmaqla, xarici ticarət dövriyyəsində 7,9% paya malikdir. Bununla yanaşı, iqtisadi-ticarət əlaqələrində hələ də reallaşdırılmamış böyük potensial mövcuddur və Hökumətlərarası Komissiyanın fəaliyyəti bu imkanların tam reallaşdırılmasına şərait yaradır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, hazırda Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydiyyata alınıb ki, onlardan 298-i aktiv fəaliyyət göstərir. Bu fakt iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdiyini və xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın artdığını sübut edir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və bu əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional və qlobal əhəmiyyət daşıdığını nümayiş etdirdi. Azərbaycan Çin ilə olan əlaqələrini gələcəkdə də davam etdirərək, beynəlxalq sabitlik və dayanıqlı inkişaf üçün önəmli töhfələr verməkdə qərarlıdır.