
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu səfər Azərbaycan ilə İran arasında tarixi dostluğa, ortaq mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin daha da gücləndirilməsinə xidmət edir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı əlaqələr yüzillərlə formalaşmış mehriban qonşuluq və əməkdaşlıq ənənələri üzərində qurulub. Bu gün həmin münasibətlər yeni çağırışlara uyğun olaraq strateji müstəviyə keçməkdədir.
Səfər çərçivəsində nəqliyyat, diplomatiya, mədəniyyət və media sahələrində əməkdaşlığı nəzərdə tutan beş mühüm sənəd imzalanıb. Xüsusilə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı razılaşmalar, regionun tranzit imkanlarının genişlənməsinə və iqtisadi əməkdaşlığın dərinləşməsinə ciddi töhfə verəcək. Azərbaycan və İran beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir-birini dəstəkləməyə davam edir. Bundan əlavə, Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə formatlarında qurulan çoxtərəfli əməkdaşlıq da regionda sabitlik və inkişaf üçün mühüm platforma rolunu oynayır.
Mədəni və humanitar sahələrdə də əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlayışı və dostluğu daha da gücləndirəcək. Bu xüsusda ortaq mədəniyyət günlərinin təşkili və digər birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Prezidentlərin görüşündə sülh, təhlükəsizlik və ərazi bütövlüyünə hörmət prinsiplərinin qarşılıqlı münasibətlərin əsasını təşkil etdiyi vurğulandı. Hər iki ölkə bölgədə sabitliyin və qarşılıqlı inamın möhkəmlənməsində maraqlıdır.
İran Prezidentinin bu səfəri, eyni zamanda, keçmişdəki bəzi fikir ayrılıqlarının aradan qaldırılması və qarşılıqlı etimadın yenilənməsi baxımından da əlamətdardır. Tarix göstərir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin daha da inkişaf etməsinə yol açır. Sonda qeyd edilməlidir ki, bu səfər təkcə diplomatik və iqtisadi nəticələri ilə deyil, həm də Azərbaycan-İran münasibətlərinin gələcək inkişaf perspektivlərini müəyyən etməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycan öz xarici siyasətində qonşularla səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman üstünlük verir. Prezident cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin regionda artan nüfuzu və təsiri bu münasibətlərin də sabit və davamlı inkişafına zəmin yaradır.
Əlnağıyeva Vəfa,
Xəzər rayonu, 149 №li tam orta məktəbin direktor müavini,