AnalitikaGündəmSiyasət

Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ…

“Azərbaycan ilə Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Həə keçmiş SSRİ dönəmində Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Heç şübhəsiz ki, bu səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Onu da əlavə edək ki, müasir dövrdə dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib”.

Bunu “Obyektivxeber.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, hazırda iki ölkə arasında çoxşaxəli əməkdaşlıq əlaqələri qurulub: “Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Eləcə də Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilməkdədir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Eyni zamanda hər iki ölkənin dövlət qurumları arasında birbaşa əlaqələr qurulub”.

“Azərbaycan ilə Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, iki ölkənin müvafiq qurumları arasında siyasi məsləhətləşmələr aparılır, parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir, eləcə də ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir: “Onu da əlavə edək ki, Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Şübhəsiz ki, iki ölkə arasında iqtisadi və ticari əlaqələrinin daha da yüksəldilməsi üçün geniş imkanlar mövcuddur. Bu mənada, Vyetnam liderinin Azərbaycana səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq. Çünki bu səfər haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirilir”.

Oxşar Xəbərlər

Back to top button