
Azərbaycan və Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər davamlı olaraq inkişaf edir. Mayın 20-də Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, səfər zamanı aparılan müzakirələr bu faktın göstəricisidir.
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi statusda üzv olması bu baxımdan önəmlidir.
Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışəqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır.Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Hazırda Avropa İttifaqına sədrlik edən Macarıstanın bu qurum daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.
Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət Avropa üçün strateji əhəmiyyət daşıyır. Prezidentin bəyanatında qeyd olunduğu kimi, artıq Macarıstan Azərbaycanın təbii qaz idxal etdiyi Avropa ölkələrindən biridir. Bu ölkə eyni zamanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi nəhəng enerji layihələrində pay sahibidir.
Azərbaycan həm ənənəvi enerji resurslarının ixracında, həm də bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Növbəti beş ildə ölkəmizdə 6 min meqavatlıq yaşıl enerji istehsalı planlaşdırılır. Bu isə, təbii qazın ixracını artırmaqla yanaşı, enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu daha da gücləndirəcək.
Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətdə müstəqil, fəal və strateji yanaşmasını nümayiş etdirdi. O, Azərbaycan diplomatiyasının çoxşaxəli xarakterini – siyasi, iqtisadi və ekoloji istiqamətlərdə uğurlu siyasət yürüdülməsini aydın şəkildə ifadə etdi. Azərbaycan liderinin çıxışı həm də ölkəmizin türk dünyasında, eləcə də beynəlxalq arenada nüfuzunun artdığını bir daha təsdiqlədi.
İlham Həsənov,
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri