
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, bu səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Həmçinin O, münasibətlərin dostluq, qardaşlıq və müttəfiqlik zəminində inkişaf edəcəyini qeyd etdi. Azərbaycan və Özbəkistanı həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Özbəkistanın dövlətimizə göstərdiyi diqqətə görə Prezident Şavkat Mirziyoyevə dərin təşəkkürünü bildirdi. İlham Əliyev həmçinin qardaş Özbəkistanı tarixi hadisə – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdi. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan – insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik.
Özbəkistanın beynəlxalq arenada imici ildən – ilə daha da artır, iqtisadi potensialı güclənir, sosial həyatın bir çox məsələləri həll olunur. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Dost və qardaş ölkə olaraq Özbəkistanın bu inkişafına ürəkdən sevinirik. Cənab İlham Əliyev özbək dostlarımıza yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarlığını bildirdi. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsinin bizim üçün çox qiymətli olduğunu vurğuladı. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə edildi.
Görüş zamanı Ölkə başçısı Qardaş Özbəkistanına Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlıq etdi. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Prezidentimiz bütün bunlara görə minnətdar olduğunu və yüksək qiymətləndirdiyini bildirdi.
İyulun 2-də həmçinin Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər. Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib. Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Prezident İ.Əliyev Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığını bildirdi, bu yerin tarixinin artıq kifayət qədər qədim olduğunu vurğuladı. Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb – şəhərin mərkəzində , böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə.
Dövlət başçımız həmçinin Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq “Özbəkistan” parkından da bəhs etdi. Bu layihənin təqdimatı ötən il olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görülüb, ərazi artıq köhnəlmiş tikililərdən təmizlənib. Qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Sonda cənab Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkəmizə qarşı belə xoş münasibətə və səfərinə görə dərin minnətdarlığını bildirdi.
Kərimova Aygül,
Xəzər rayonu,262 №litam orta məktəbin tarix müəllimi