AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün Tarixi və Əhəmiyyəti

Dövlət suverenliyi anlayışı beynəlxalq hüquq və siyasi nəzəriyyənin əsas kateqoriyalarından biridir. Müstəqillik hər bir xalq üçün tarixi inkişafın zirvəsi və milli iradənin təntənəsidir. Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmış, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyü pozulmuş, uzun illər beynəlxalq hüquq normalarına zidd vəziyyət davam etmişdir. Yalnız XXI əsrin əvvəllərində Azərbaycanın hərbi-siyasi gücü, diplomatik imkanları və milli birliyi nəticəsində bu vəziyyət köklü şəkildə dəyişmişdir.
2024-cü il 19 sentyabr tarixli Prezident Sərəncamı ilə təsis edilən “Dövlət Suverenliyi Günü” Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı hesab olunmalıdır. Bu gün təkcə siyasi akt deyil, həm də milli kimliyin, tarixi yaddaşın və qələbə ruhunun təcəssümüdür.

Suverenlik anlayışı qədim dövrdən siyasi nəzəriyyədə əsas mövzulardan olmuşdur. Jean Bodin suverenliyi dövlət hakimiyyətinin bölünməz və ali forması kimi izah etmiş, daha sonra J.J. Russo xalq suverenliyi konsepsiyasını irəli sürmüşdür. Müasir beynəlxalq hüquq isə suverenliyi dövlətin ali hakimiyyətə malik olması, daxili və xarici siyasətdə müstəqilliyi ilə izah edir.
Azərbaycan Respublikasının Konstitusiyası suverenlik anlayışını dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın iradəsinin təməli kimi təsdiq edir. BMT Nizamnaməsi və beynəlxalq hüquq normaları da Azərbaycan dövlətinin bu statusunu tanıyır.

1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizdən çoxu işğal altında saxlanıldı. Bu müddətdə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü, Xocalı soyqırımı kimi ağır cinayətlər törədildi. BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdı və işğalçı qüvvələrin geri çəkilməsini tələb etdi. Lakin bu qətnamələrin icrası uzun illər təmin olunmadı. ATƏT-in Minsk qrupu isə problemin həlli üçün real nəticələr əldə edə bilmədi.

2020-ci il 27 sentyabrda Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu 44 gün davam edən müharibə nəticəsində tarixi Qələbə qazandı. Ordumuzun qəhrəmanlığı, xalqın birliyi və dövlət rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində işğal altında olan ərazilərin böyük bir hissəsi azad edildi. Kəlbəcər, Ağdam və Laçın rayonlarının da boşaldılması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu hadisə yalnız hərbi yox, həm də siyasi və diplomatik qələbə kimi qiymətləndirilməlidir. II Qarabağ müharibəsindən sonra Azərbaycanın atdığı addımlar suverenliyin tam bərpasını təmin etdi. 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətin sərhəd nəzarətini tam təmin etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı isə qondarma rejimin ləğvi və Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılması ilə nəticələndi.
Bununla da Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu bərpa edildi və dövlət suverenliyi tam təmin olundu.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi təsis edilmişdir. Bu günün rəsmi qeyd olunması Azərbaycanın müstəqillik və suverenlik uğrunda apardığı onilliklər boyu mübarizənin rəmzi yekunu hesab olunur. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu istiqamətdə dövlətçilik ənənələrinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi artıq tam suverenlik şəraitində davam edir. Bu gün ölkəmizin sərhədləri toxunulmazdır, ərazi bütövlüyü bərpa edilmişdir, daxili sabitlik möhkəmlənmiş, iqtisadi yüksəliş sürətlənmişdir. Dövlət suverenliyi milli kimliyimizin əsas göstəricisi olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək müqəddəs dəyərdir. “Dövlət Suverenliyi Günü” nün təsis edilməsi isə bu nailiyyətlərin həm tarixi yaddaşda möhkəmləndirilməsi, həm də gələcəyə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir

Xəzər rayon 262№-li tam orta məktəbin tarix müəllimi

Zeynalova Türanə.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button