
17 oktyabr tarixi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün 2020-ci ildə Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etdiyi gündür. Məhz buna görə hər il 17 oktyabr “Füzuli şəhəri günü” kimi qeyd olunur. Bu tarixi hadisə təkcə bir şəhərin azad olunması deyil, həm də xalqımızın gücünün, birliyinin və 30 il davam edən ədalətsizliyə son qoyulmasının simvoludur.Füzuli şəhəri 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər ərzində bu qədim diyar viran qoyulmuş, mədəni abidələri, evləri və təsərrüfatı yerlə-yeksan edilmişdi. Lakin Azərbaycan xalqı heç vaxt Füzulinin və digər torpaqların azad olunacağına olan inamını itirmədi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu inamın reallığa çevrildiyi an oldu.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu mərdliklə döyüşərək cəmi 17 gün ərzində Füzulini düşmən işğalından azad etdi. 17 oktyabr 2020-ci ildə Füzulinin azad olunması xəbərini Prezident İlham Əliyev xalqımıza böyük qürurla çatdırdı. Bu hadisə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı.Azadlıqdan sonra Füzuli şəhəri genişmiqyaslı bərpa və quruculuq prosesinin mərkəzinə çevrildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuliyə dəfələrlə səfər edərək şəhərin bərpasını şəxsən nəzarətdə saxlayıblar. Qısa zamanda burada müasir infrastruktur, yeni yaşayış binaları, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və sosial obyektlər tikilib.Xüsusilə, 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı azad olunmuş torpaqlarda həyata keçirilən yenidənqurma işlərinin rəmzinə çevrildi. Bu hava limanı həm Qarabağın dünyaya açılan qapısı, həm də Azərbaycanın mühəndis və tikinti gücünün göstəricisidir.Hazırda Füzuli şəhərində “Böyük Qayıdış” proqramı çərçivəsində həyat yenidən canlanır. Artıq şəhərin ilk sakinləri doğma yurdlarına qayıdıb, yeni evlərində məskunlaşıblar. Dövlət tərəfindən inşa edilən müasir, ekoloji baxımdan dayanıqlı “ağıllı şəhər” konsepsiyası Füzulini gələcəyin şəhərinə çevirir.Füzuli şəhəri təkcə azad olunmuş torpaq deyil, həm də müstəqil Azərbaycanın iradəsinin, xalqın əzmkarlığının və Ali Baş Komandanın müdrik rəhbərliyinin nəticəsidir. Bu gün burada tikilən hər bina, çəkilən hər yol, əkilən hər ağac şəhidlərimizin müqəddəs qanı ilə qazanılmış zəfərin davamı, onların ruhuna ehtiramdır. “Füzuli şəhəri günü” təkcə bir şəhərin xatirəsi deyil, həm də milli qürur günüdür. Bu tarix Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin rəmzidir. Hər il 17 oktyabrda ölkənin hər yerində keçirilən tədbirlərdə Füzulinin qəhrəmanlıq tarixi yad edilir, şəhidlərin xatirəsi anılır, azadlıq uğrunda birliyin əhəmiyyəti vurğulanır.Bu gün Füzuli dirçəlir, inkişaf edir və gələcəyə inamla addımlayır. Azadlıqdan sonra yenidən doğulan bu şəhər Azərbaycanın gücünü, xalqın sarsılmaz iradəsini və gələcəyə olan böyük inamını təcəssüm etdirir. 17 oktyabr – Füzuli şəhəri günü isə bu qürurun, zəfərin və yenidənqurmanın əbədi rəmzidir.
Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,məsləhətçi