AnalitikaElm və TəhsilGündəm

Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

Bildiyimiz kimi, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşüb. Daha sonra çıxış edən ölkə başçısı hamını Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıb.

O qeyd edib ki, Akademiya 80 il ərzində böyük yol keçib, Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüzminlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilib və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənib. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də onminlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların əksəriyyəti oxuyub Vətənə qayıdır və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verir.

Müstəqilliyin ilk illərinə toxunan cənab Prezident vurğulayıb ki, həmin illər çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bildi. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olub. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan edib. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də akademiyanın işinə, akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.

Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət ulu öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa edildi. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edildi. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdı. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edildi. “Elm haqqında” Qanun qəbul edildi, Dövlət Proqramı qəbul edildi. Yəni görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.

Mən 10 il bundan əvvəl – akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verib. Dünya iqtisadiyyatı tamamilə dəyişib, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olub. Əsas vəzifə – torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilib. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilirlər. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb.

Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son beş il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilib. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm.

Geoloji kəşfiyyat işləri, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda, çox böyük əhəmiyyət kəsb edir. Çünki bu ərazi sovet vaxtında lazımınca tədqiq edilməyib və tədqiq edilsə idi belə, yenə də ovaxtkı texnologiyalarla onları tam öyrənmək mümkün deyildi. Yəni bu gün müasir texnologiyalarla peykdən tədqiqat, zondlama aparılır. Təbii resurslar, o cümlədən qeyri-ənənəvi neft yataqlarının aşkarlanması bir çox hallarda fiziki, yəni əraziyə girmədən müəyyən edilir. Ona görə mənim göstərişimlə artıq bir neçə aydır ki, Qarabağda və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm, dövlət strukturlarına da göstəriş verirəm. Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var – qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaq.

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilib. 2023-cü ildə Xankəndidə hərbi parad keçirildi ki, Azərbaycanın suverenliyi tam bərpa edildi. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük və eyni zamanda qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək.

 

Xəzər rayonu, 26 №li tam orta məktəbin əməkdaşı
Əminə Baloğlanova

Oxşar Xəbərlər

Back to top button