
Azərbaycan tarixində xüsusi yeri olan 15 İyun – Şuşa Günü xalqımızın yaddaşına qürur, birlik və zəfər rəmzi kimi həkk olunub. Şuşa şəhərinin azad edilməsi yalnız Vətən müharibəsinin gedişini dəyişmədi, həm də Azərbaycanın mədəni, tarixi və mənəvi irsinin dirçəlişi üçün yeni səhifə açdı.
Şuşa əsrlər boyu Qarabağın mədəniyyət beşiyi, musiqi paytaxtı və Azərbaycan dövlətçilik ənənələrinin mühüm mərkəzi olub. 2020-ci ildə qəhrəman Azərbaycan Ordusu bu müqəddəs torpağı işğaldan azad etməklə xalqımızın illərlə çəkdiyi həsrətə son qoydu. Şuşanın azadlığı həm hərbi-strateji, həm də ideoloji baxımdan qələbənin əsas zirvəsi kimi tarixə düşdü.
Şuşa Gününün qeyd edilməsi bu qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin ruhuna ehtiramın ifadəsi və milli kimliyimizin daha da güclənməsi deməkdir. Bu gün ölkəmizin mədəniyyət paytaxtına çevrilən Şuşa bütün sahələrdə sürətlə bərpa olunur, festivalların, beynəlxalq tədbirlərin keçirildiyi, yenidən canlanan bir mərkəzə çevrilir.
Şuşa yalnız bir şəhər deyil, millətimizin qüruru, mədəni irsi, dirəniş ruhu və azadlıq əzmidir. Şuşa Gününün qeyd edilməsi isə bu ucalığın hər zaman yaşadılmasının təcəssümüdür.
İsgəndərova Eliza,
YAP-ın gənc fəalı



