AnalitikaGündəmSiyasət

8 Noyabr – Şuşa şəhəri günü: Qürur, Zəfər və Dirçəlişin Rəmzidir

8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi yazılmış ən möhtəşəm tarixlərdən biridir. Bu gün Azərbaycanın qəhrəmanlıq, birlik və milli qürur simvolu olan Şuşa şəhərinin azad olunması günüdür. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza atdı. Bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, eyni zamanda xalqımızın yenilməz ruhunun, milli iradəsinin və əzminin parlaq təzahürüdür. Prezident İlham Əliyevin o tarixi sözləri – “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi doğurur. Bu bəyanat təkcə hərbi qələbənin deyil, eyni zamanda milli ruhun və dövlətçilik ideyasının təntənəsidir. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. XX əsrin sonlarında ölkənin ən çətin dövründə Heydər Əliyev xalqı parçalanmaqdan, dövləti dağılmaqdan xilas etdi. Onun uzaqgörən siyasəti, dövlət quruculuğu istiqamətində gördüyü tədbirlər müstəqil Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Məhz bu təməl üzərində Prezident İlham Əliyev müasir, qüdrətli, beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan dövlətini qurdu. Sonrakı illərdə həyata keçirilən kompleks islahatlar, iqtisadi yüksəliş, güclü ordu quruculuğu və milli həmrəyliyin möhkəmlənməsi nəticəsində Azərbaycan böyük Zəfərə doğru inamla irəlilədi. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji ruhu yüksəldildi. İllər ərzində aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun ən güclü ordularından birinə çevrildi. Azərbaycanın iqtisadi müstəqilliyi və siyasi iradəsi BMT Təhlükəsizlik Şurasının illərlə yerinə yetirilməyən 4 qətnaməsini öz gücü ilə icra etməyə imkan verdi. Bu, dövlətimizin suverenliyinin və xalqımızın azadlıq əzminin parlaq göstəricisidir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın dəmir iradəsi və dövlət-xalq birliyi düşmən üzərində qəti qələbəni təmin etdi. Xüsusilə, Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın həyata keçirilməsində mühüm rol oynadı. Onların döyüş meydanında göstərdiyi igidlik xalqımızın tarixində qızıl hərflərlə yazıldı. Şuşanın azadlığı yalnız hərbi əməliyyatın uğuru deyildi.

Bu, eyni zamanda Azərbaycanın mədəni, mənəvi və tarixi irsinin bərpası idi. Şuşa əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının, milli kimliyimizin beşiyi olub. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və digər dahilərin yurdu olan bu şəhərin azadlığı, xalqımızın mənəvi dünyasının azadlığı deməkdir. Bu səbəbdən 8 Noyabr – Zəfər Günü və Şuşa şəhəri günü xalqımız üçün ən müqəddəs bayramlardan biridir. Bu gün Şuşa dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində şəhərdə geniş bərpa və yenidənqurma layihələri həyata keçirilir. Tarixi abidələr bərpa olunur, yollar, məktəblər, mədəniyyət ocaqları tikilir, yeni yaşayış massivləri salınır. Şuşa tədricən Cənubi Qafqazın mədəni paytaxtına çevrilir.

2022-ci ilin “Şuşa İli” elan edilməsi və şəhərin UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsi bu diqqətin bariz nümunəsidir. Bu gün Azərbaycan xalqı Şuşa üzərində dalğalanan üçrəngli bayrağımıza baxaraq qürur hissi keçirir. Bu bayraq şəhidlərimizin qanı, qəhrəman əsgərlərimizin fədakarlığı, dövlətimizin gücü və xalqımızın birliyi sayəsində ucalıb. Qarabağ artıq dirçəlir, yenidən canlanır və Azərbaycan mədəniyyətinin parlayan incisinə çevrilir.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə işıq salır. Bu tarix hər bir azərbaycanlıya vətən sevgisini, milli həmrəyliyi və dövlətə sədaqəti xatırladır. Şuşanın azadlığı – Azərbaycanın əbədi və dönməz birliyinin simvoludur.
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button