AnalitikaGündəmSiyasət

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında möhkəmlənən əməkdaşlığın kökü dərin tarixə söykənir

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə təkcə iki ölkə arasında münasibətlər haqqında deyil, həm də getdikcə daha böyük əhəmiyyət qazanan Azərbaycan–Mərkəzi Asiya strateji xəttinin konturlarını aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri — xüsusilə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan — təkcə coğrafi yaxınlıq deyil, vahid tarixi, mədəni və mədəni-siyasi məkanın daşıyıcılarıdır. Bu gün regionlar arasında qurulan körpü əvvəlkindən daha güclüdür və qarşıdakı illərdə Avrasiya təhlükəsizlik arxitekturasını formalaşdıran əsas xəttlərdən biri olmağa namizəddir. Prezident İlham Əliyev qeyd edir ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə onun üçüncü dəfə iştirakı təsadüfi deyil. İlk dəfə 2023-cü ildə Düşənbədə, növbəti dəfə 2024-cü ildə Astanada keçirilən bu zirvə görüşlərində Azərbaycanın iştirakı, əslində, ölkənin bu regionda strateji tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Qarşıdakı görüşün Daşkənddə keçirilməsi və Azərbaycanın yenidən yüksək səviyyədə təmsil olunacağı faktı isə regional siyasi dinamikanın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçısının “Azərbaycan ilə Mərkəzi Asiya ölkələrini ilk baxışda fiziki olaraq ayırsa da, Xəzər dənizi əslində mühüm birləşdirici amildir” fikri regionun geosiyasi sxemini başa düşmək üçün açar mahiyyət daşıyır. Xəzər dənizi təkcə su hövzəsi deyil; o, mədəni əlaqələrin simvolu, enerji kəmərlərinin keçid yolu, ticarət dəhlizlərinin mərkəzi və regional əməkdaşlığın strateji platformasıdır. Xəzər dənizi ətrafında formalaşan yeni iqtisadi marşrutlar — xüsusilə Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) — Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün əlverişli qapıya çevirir. Bakı limanı, Ələt Azad İqtisadi Zonası, yeni logistika infrastrukturunun genişləndirilməsi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Mərkəzi Asiyanın Avropaya çıxışının ən stabil və təhlükəsiz marşrutu kimi məhz Azərbaycan üzərindən keçməsini təmin edir. Bu, eyni zamanda region ölkələrini Avropa enerji və ticarət bazarlarına yaxınlaşdırır. Türkdilli xalqların dil, mədəniyyət və ənənələrinin oxşarlığı bu gün siyasi münasibətlərdə qarşılıqlı etimadın əsas dayağı kimi çıxış edir. Prezident İlham Əliyevin müsahibəsində bu tarixi bağlara diqqət yetirməsi təsadüfi deyil. Çünki müasir geosiyasi reallıqlarda mədəni yaxınlıq siyasi və iqtisadi əməkdaşlığın davamlılığını təmin edən mühüm faktordur. Türk Dövlətləri Təşkilatında Azərbaycanın aktiv rolu, təşkilat çərçivəsində qəbul olunan qərarların real iqtisadi layihələrə çevrilməsi və Bakı–Ankara–Astanа–Daşkənd xəttində siyasi koordinasiyanın güclənməsi bütün region üçün yeni inkişaf imkanları yaradır. TDT-nin son illərdə artan nüfuzu isə türkdilli dövlətlərin birgə hərəkət etmək potensialını daha aydın göstərir. Azərbaycanın enerji resursları, Mərkəzi Asiyanın isə həm enerji, həm də böyük xammal və kənd təsərrüfatı potensialı regionu qlobal bazarlarda mühüm iştirakçıya çevirir. Bu gün Bakı vasitəsilə Avropaya çıxan neft-qaz marşrutları təkcə ölkəmiz üçün deyil, həm də Qazaxıstan və Türkmənistan üçün alternativ ixrac imkanları yaradır. Bu əməkdaşlıq yaxın illərdə daha da genişlənə bilər. Digər tərəfdən, Çinlə Avropa arasında ticarətin 70 faizinin Orta Dəhliz vasitəsilə reallaşması perspektivi Azərbaycan və Mərkəzi Asiya üçün böyük strateji dividendlər vəd edir. Bu səbəbdən Bakı ilə Daşkənd, Bakı ilə Astana arasında logistika və gömrük sahəsində inteqrasiya prosesləri daha sürətlə gedir. Azərbaycan və Mərkəzi Asiya ölkələri son illərdə öz aralarında siyasi dialoqu dərinləşdirərək bölgədə müstəqil regional siyasət modelinin formalaşmasına töhfə verirlər. Xarici təzyiqlərdən asılı olmayan, hər ölkənin suverenliyinə və milli maraqlarına əsaslanan bu əməkdaşlıq formatı regionda uzunmüddətli sabitliyin əsas şərti kimi çıxış edir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı siyasi məqamlar göstərir ki, Azərbaycan Mərkəzi Asiyanın strateji tərəfdaşı olmaqla yanaşı, həm də regionun gələcək inkişaf xəritəsinin formalaşdırılmasında aktiv iştirakçı rolunu oynayır. Müsahibə əslində təkcə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirmir. O, daha geniş mənada Azərbaycan–Mərkəzi Asiya strateji vektorunun əsas prinsiplərini ortaya qoyur: tarixi birlik, geosiyasi yaxınlaşma, enerji və nəqliyyat əməkdaşlığı, eləcə də ortaq təhlükəsizlik maraqları. Bu faktorlar Avrasiyanın yeni güc mərkəzinin yaranmasının konturlarını daha aydın göstərir.

İsmayıl Nağızadə
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button