AnalitikaGündəmSiyasət

Ağdam: qara günlərdən ağ günlərə doğru

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf etdi Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması. Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən yaratdığı üçrəngli bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum” dedi Ağdam. 44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”. Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri ötən 27 ildə yerlə yeksan olunub Ağdamımızın. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Bu qeyrətli oğulların sayəsində Ağdamın azan səsi təşnəsinə də son qoyuldu. Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il ağ çöhrəsinə qaranlıq çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni novraq bəxş etmək üçün gəlmişdi. Ağ günlərin müjdəsi ilə Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olmaları, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmaları və dövlətimizin başçısının “Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar… Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”,- dəyərli fikirləri səsləndirməsi 44 günlük müharibədə olduğu kimi yalnız birlik, bərabərlik, həmrəyliklə Ağdamın ağ günləri əldə edəcəyinə bir mesaj idi.

Ağdam qara günləri arxada qoyub, ağ günlərə doğru sürətlə irəliləyir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Zəfər çalan xalqımız bu gün Ağdamın timsalında qarşıda Qarabağın dünyaya nümunə olacaq hər bir bölgəsinin yeni növrağı ilə qürur duyacaqdır. Hər bir qürur isə düşmənə yenildiyini hər dəfə bir daha xatırlatmaqdır.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button