
Ağdam Şəhəri Günü işğaldan azad edilmiş Ağdamın yenidən qurulması, şəhərə həyatın qayıdışı və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün həm Ağdamın qədim tarixinin yad edilməsi, həm də onun müasir inkişaf mərhələsinə qədəm qoymasının rəmzi kimi qeyd olunur.
Ağdam uzun illər Qarabağın iqtisadi, mədəni və sosial mərkəzlərindən biri olmuş, lakin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildikdən sonra tamamilə dağıdılmışdır. 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər nəticəsində şəhərin azad olunması Ağdamın yeni dövrünün başlanğıcı olmuşdur.
Hazırda Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Şəhərin Baş Planına uyğun olaraq müasir infrastruktur qurulur, yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa edilir. İlk sakinlərin doğma torpağa qayıdışı Ağdamın dirçəliş prosesinin real göstəricisidir.
Ağdam Şəhəri Günü Azərbaycan xalqının birlik və iradəsinin, qayıdış arzularının gerçəkləşməsinin və şəhərin gələcək inkişafına olan inamın ifadəsidir.
Ələkbərova Nazlı,
YAP-ın gənc fəalı



