
“Müasir Azərbaycanın siyasi inkişaf trayektoriyasına nəzər saldıqda, bu yolun ardıcıl, məqsədyönlü və düşünülmüş qərarlar üzərində qurulduğu aydın görünür. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin formalaşdırdığı idarəetmə modeli dayanır. Sözügedən model dövlətçilik ənənələrinin qorunması və yeni reallıqlara uyğunlaşdırılması ilə səciyyələnir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri davamlılıq prinsipinə sadiqlikdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyi konsepsiyası Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilmişdir. Məhz bu siyasi xətt ölkəmizin sabitliyinin, təhlükəsizliyinin və inkişafının etibarlı təminatına çevrilmişdir. Nəticə etibarilə ölkədə idarəetmədə ardıcıllıq, strateji baxış və güclü dövlət modeli formalaşmışdır”.
Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın tarixində dönüş nöqtəsi olmuş, Vətən müharibəsində qazanılan tarixi Zəfər və suverenliyin tam bərpası bu siyasətin ən parlaq nəticəsi kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, dövlət başçısının qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və xalqla birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və konstitusion suverenliyini tam şəkildə təmin etmişdir. Bu Zəfər siyasi, hüquqi və mənəvi baxımdan müasir dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmişdir.
Rəşadət Xalıqov qeyd edib ki, daxili siyasətdə Prezident İlham Əliyevin fəaliyyəti sosial rifahın yüksəldilməsi, regionların inkişafı və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində atılan ardıcıl addımlarla xarakterizə olunur. Sosial proqramların genişləndirilməsi, infrastruktur layihələrinin icrası və regionlararası inkişaf fərqlərinin azaldılması dövlət siyasətinin əsas prioritetləri sırasında olmuşdur. Eyni zamanda, siyasi sabitliyin qorunması dövlət idarəçiliyinin mühüm komponenti kimi daim diqqət mərkəzində saxlanılmışdır. Müasir dövrdə sabitliyin ictimai razılaşma və sağlam dialoq mühiti ilə təmin olunması Prezident İlham Əliyevin siyasi yanaşmasının əsas xüsusiyyətlərindəndir. Bu baxımdan son illərdə siyasi dialoqun təşviqi, institusional islahatlar və ictimai münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
“Prezident İlham Əliyevin xarici siyasət kursu praqmatizm və milli maraqlara əsaslanır. Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslı, lakin müstəqil mövqe tutaraq müxtəlif tərəfdaşlarla əməkdaşlıq əlaqələrini inkişaf etdirmişdir. Regional və qlobal təşkilatlarla qarşılıqlı fəaliyyət, çoxtərəfli diplomatiya və iqtisadi əməkdaşlıq bu siyasətin əsas istiqamətlərindəndir. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına, regionda sülh və sabitliyə töhfə verməsinə, eyni zamanda ölkənin siyasi çəkisinin artmasına şərait yaratmışdır”, – deyə Rəşadət Xalıqov vurğulayıb.
Onun sözlərinə görə, müasir siyasi yanaşmada insan amili xüsusi yer tutur. Prezident İlham Əliyevin siyasətində sosial müdafiə tədbirləri, təhsil və səhiyyə sahəsinə diqqət, gənclərin inkişafına yönəlmiş proqramlar bu baxışın praktik təzahürüdür. Dövlət–vətəndaş münasibətlərinin gücləndirilməsi, ictimai etimadın qorunması və sosial ədalət prinsipləri siyasi fəaliyyətin mühüm tərkib hissəsi kimi çıxış edir.
Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişafında həlledici rol oynamışdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yolun layiqincə davam etdirilməsi, tarixi Zəfər və suverenliyin bərpası bu siyasi kursun məntiqi nəticəsidir. Davamlılıq, praqmatizm, milli maraqlara söykənən yanaşma və sosial məsuliyyət bu fəaliyyətin əsas sütunlarıdır. Bu siyasi xətt Azərbaycanın daxili sabitliyinin qorunmasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və gələcəyə inamla irəliləməsinə geniş imkanlar yaradır.



