AnalitikaGündəmSiyasət

Azərbaycanın enerji gələcəyinə atılan mühüm addım

8 yanvar 2026-cı il Azərbaycanın enerji tarixində yadda qalan günlərdən biri oldu. Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyası rəsmi olaraq istifadəyə verildi. 240 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını artırmaqla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən məqsədyönlü siyasətin növbəti real nəticəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, stansiyanın təməli 2022-ci ildə qoyulmuş və qısa müddət ərzində tikinti işləri uğurla başa çatdırılmışdır. Bu, Azərbaycanda iri enerji layihələrinin ardıcıl, planlı və məsuliyyətli şəkildə icra olunduğunu göstərir. Layihənin investoru olan “ACWA Power” şirkətinin ölkəmizdə ilk bərpaolunan enerji layihəsini məhz bu stansiya ilə reallaşdırması Azərbaycanın etibarlı tərəfdaş imicinin bariz nümunəsidir.

Dövlət başçısı vurğuladı ki, son illər yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və yüksək peşəkarlıq tələb edən prosesdir. Xüsusilə bərpaolunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası ciddi texniki və maliyyə imkanları tələb edir. Bu sahədə həm yerli mütəxəssislərin, həm də beynəlxalq tərəfdaşların fəaliyyəti yüksək qiymətləndirildi. Çıxışda Azərbaycanın enerji sisteminin son 20 ildə əsaslı şəkildə yeniləndiyi xüsusi qeyd olundu. Bu dövrdə ölkənin ümumi generasiya gücü təxminən üç dəfə artırılaraq 10 min meqavat səviyyəsinə çatdırılmışdır. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı isə ölkənin enerji təhlükəsizliyinin əsas təminatçısı kimi qiymətləndirilir.

Bu gün bərpaolunan enerji layihələri Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Qaradağ, Xızı, Abşeron, Cəbrayıl, Biləsuvar, Neftçala və Naxçıvanda həyata keçirilən layihələr ölkənin təbii imkanlarından səmərəli istifadə olunduğunu göstərir. Xəzər dənizinin yüksək külək potensialı isə Azərbaycanın gələcəkdə regionun aparıcı “yaşıl enerji” istehsalçılarından birinə çevriləcəyini deməyə əsas verir.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühitinə diqqət çəkdi. Ölkəyə yüz milyardlarla dollar xarici sərmayənin cəlb edilməsi, maliyyə sabitliyi və aşağı xarici borc səviyyəsi Azərbaycanın investorlar üçün etibarlı məkan olduğunu sübut edir. Qarşıdakı illərdə külək və Günəş elektrik stansiyalarının gücünün əhəmiyyətli dərəcədə artırılması, eləcə də enerji saxlanma sistemlərinin yaradılması bu siyasətin davamlı olacağını göstərir.

Nəticə etibarilə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan yalnız bugünkü enerji tələbatını deyil, gələcək nəsillərin maraqlarını da nəzərə alan uzaqgörən və düşünülmüş enerji siyasəti həyata keçirir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button