AnalitikaGündəmSiyasət

20 Yanvar – Xalqımızın Qürur və Matəm Günü

20 Yanvar 1990-cı il Azərbaycan tarixində həm faciə, həm də milli iradənin təntənəsi kimi yadda qalmışdır. Həmin gecə Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır. Bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik arzularını boğmaq məqsədi daşısa da, əksinə, milli oyanışı daha da gücləndirmişdir.

Sovet rəhbərliyinin verdiyi bu amansız qərar beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulması idi. Dinc əhaliyə qarşı ağır texnika və silahlardan istifadə edilməsi, fövqəladə vəziyyətin elan olunmadan həyata keçirilməsi hadisənin cinayət xarakterini açıq şəkildə ortaya qoyurdu. O gecə qadın, uşaq, yaşlı demədən xalqın üzərinə yeridilən güc tarixə qara ləkə kimi düşdü.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq yolunda ödədiyi ağır bir bədəldir. Şəhid olan insanlar milli müstəqillik ideyasına sədaqətlərini canları bahasına sübut etdilər. Onların axıtdığı qan xalqın qorxu səddini dağıtdı və azad yaşamaq iradəsini sarsılmaz etdi.

Bu hadisələrdən sonra Azərbaycan cəmiyyətində müstəqillik düşüncəsi daha da möhkəmləndi. Xalq anladı ki, azadlıq yalnız mübarizə ilə qazanılır. 20 Yanvar, eyni zamanda, Sovet imperiyasının süqutuna aparan proseslərin sürətlənməsində mühüm rol oynadı və Azərbaycanın müstəqilliyə gedən yolunu daha da aydınlaşdırdı.
Ulu Öndər Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verərək bu faciənin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Onun təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirildi, günahkarların ifşası istiqamətində mühüm addımlar atıldı. Bu mövqe hadisəyə ədalətli yanaşmanın formalaşmasında həlledici oldu.
Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilir. Onların fədakarlığı müstəqil Azərbaycanın təməl daşlarından birinə çevrilmişdir. 20 Yanvar həm hüzn, həm də qürur günüdür — çünki bu tarix xalqımızın sınmadığını, əksinə, daha da gücləndiyini bütün dünyaya göstərmişdir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button