AnalitikaGündəmSiyasət

Qlobal dəyişikliklər fonunda sülh və sabitlik məsələləri

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı zamanı müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə və qlobal çağırışlara diqqət çəkdi. Prezident qeyd etdi ki, hazırda dünya mürəkkəb və keçid dövründən keçir. Müxtəlif regionlarda münaqişələrin artması, siyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik və təhlükəsizlik problemləri dövlətləri yeni yanaşmalar axtarmağa vadar edir. Bu şəraitdə hər bir ölkə üçün təhlükəsizlik, sabitlik və müdafiə məsələləri ən vacib prioritetlərdən biri kimi ön plana çıxır. Dövlətlərin müstəqilliyini qoruması, ərazi bütövlüyünü təmin etməsi və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün güclü siyasi iradə, sabit daxili mühit və müasir müdafiə sistemi mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri də xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən, sülh və əməkdaşlıq tərəfdarı olan bir dövlətdir və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün ardıcıl siyasət həyata keçirir. Bu baxımdan Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində də mühüm addımlar atıb. İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanla sülhü yalnız söz və ya kağız üzərində deyil, real addımlar vasitəsilə irəli aparır. Sülh sazişinin yeddi ay əvvəl paraflanması və tərəflər arasında birgə bəyanatın qəbul edilməsi regionda sülhün bərqərar olması istiqamətində mühüm mərhələ hesab olunur. Bu proses Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması və gələcəkdə əməkdaşlıq mühitinin formalaşması üçün yeni imkanlar yaradır.

Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat və logistika layihələrində oynadığı mühüm rola da toxundu. O bildirdi ki, Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi iri infrastruktur layihələri ölkəni regionun əsas nəqliyyat və tranzit mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Bu dəhlizlər vasitəsilə Asiya ilə Avropa arasında yük daşımaları sürətlənir, beynəlxalq ticarət əlaqələri genişlənir və müxtəlif ölkələr arasında iqtisadi əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycanın bu layihələrə verdiyi töhfə yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır, çünki bu layihələr regionlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etimadın artmasına xidmət edir.

Prezident İlham Əliyev vurğuladı ki, qlobal çağırışların artdığı bir dövrdə dövlətlər arasında dialoq, əməkdaşlıq və qarşılıqlı hörmət daha da önəmli olur. Beynəlxalq problemlərin həlli üçün çoxtərəfli əməkdaşlıq, qarşılıqlı anlaşma və konstruktiv dialoq əsas vasitələrdən biridir. Azərbaycanın xarici siyasəti də məhz bu prinsiplərə əsaslanır və ölkə beynəlxalq platformalarda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə davam edir. XIII Qlobal Bakı Forumu kimi beynəlxalq tədbirlər isə müxtəlif ölkələrdən olan siyasi liderlərin, ekspertlərin və ictimai xadimlərin bir araya gələrək qlobal problemləri müzakirə etməsi və ortaq həll yolları axtarması baxımından böyük əhəmiyyət daşıyır.

Nərmin Azadova,
YAP Yasamal rayonu “H.B. Zərdabi küç. 96”(Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimaiSəhiyyə İslahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button