Elm və Təhsil

Aprelin 19-da 37 mindən çox şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il aprelin 19-da imtahanlar keçirəcək.

Aktualinfo Media Qrup DİM-ə istinadla imtahanların siyahısını təqdim edir:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

İştirakçılar imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 37 min 338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan Muxtar Respublikasında 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 90 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim də keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

Hazırda imtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Oxşar Xəbərlər

Back to top button