AnalitikaGündəmSiyasət

Azəybaycan gələcəyinə nur saçan işıqlı ömür

15 aprel Azərbaycan tibb elmi və ictimai fikri üçün xüsusi əhəmiyyət kəsb edən bir gündür. Bu tarix görkəmli alim, böyük oftalmoloq və nəcib insan Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Onun həyatı, elmi fəaliyyəti və insanlara xidmət amalı Azərbaycan səhiyyə tarixində silinməz iz qoymuşdur. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Erkən yaşlarından elmə olan marağı onu Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib çıxarmışdır. O, 1947-ci ildə bu ali təhsil ocağını əla qiymətlərlə bitirmişdir. Həkimlik sənətinə böyük sevgi ilə yanaşan Zərifə xanım, öz həyatını bütövlükdə insan sağlamlığına həsr etmişdir. Onun elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsində mühüm yeniliklərlə yadda qalmışdır. 1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışan alim həm praktik həkim, həm də tədqiqatçı kimi fəaliyyət göstərmişdir. O dövrdə Azərbaycanda geniş yayılmış və korluğa səbəb olan traxoma xəstəliyinə qarşı apardığı mübarizə xüsusi qeyd olunmalıdır. Zərifə Əliyeva bu xəstəliyin qarşısının alınması və müalicəsi istiqamətində kompleks tədbirlər həyata keçirmiş, regionlara səfərlər edərək həkimlərə praktiki tövsiyələr vermişdir. Onun tətbiq etdiyi müalicə metodları nəticəsində traxoma ölkəmizdə sosial xəstəlik kimi aradan qaldırılmışdır.Alim yalnız traxoma ilə kifayətlənməmiş, qlaukoma, virus mənşəli göz xəstəlikləri və peşə patologiyaları kimi aktual sahələrdə də geniş tədqiqatlar aparmışdır. Kimya və sənaye müəssisələrində çalışan insanların görmə orqanlarının vəziyyəti ilə bağlı apardığı elmi işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alması onun elmi nüfuzunun göstəricisi idi. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olmuşdur. Onun “Terapevtik oftalmologiya” kitabı bu gün də oftalmoloqlar üçün dəyərli mənbə sayılır. 1981-ci ildə isə oftalmologiya sahəsindəki xidmətlərinə görə SSRİ miqyasında nüfuzlu M.İ.Averbax mükafatına layiq görülmüşdür. Bununla yanaşı, Zərifə xanım pedaqoji fəaliyyətlə də məşğul olmuş, gənc həkimlərin yetişməsində böyük rol oynamışdır. Onun rəhbərliyi altında bir çox ixtisaslı kadrlar formalaşmış, Azərbaycan oftalmologiya məktəbi inkişaf etmişdir. O, tələbələrinə yalnız elm deyil, həm də humanizm, mərhəmət və məsuliyyət kimi ali dəyərləri aşılamışdır.Zərifə Əliyeva həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ziyalı qadın idi. O, ailə dəyərlərinə sadiq qalaraq həm ana, həm həyat yoldaşı, həm də alim kimi nümunəvi həyat sürmüşdür. Onun haqqında deyilən fikirlərdə ən çox vurğulanan cəhətlər xeyirxahlıq, sadəlik və insanlara sonsuz sevgi olmuşdur. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyeva bu dünyadan köçsə də, onun xatirəsi, elmi irsi və insanlara bəxş etdiyi nur bu gün də yaşayır. 1994-cü ildə nəşinin Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunması xalqın ona olan dərin hörmətinin göstəricisidir. Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, yetişdirdiyi həkimlər və qoyduğu elmi irs Zərifə Əliyevanın ölməzliyinin bariz nümunəsidir. O, Azərbaycan tarixində yalnız böyük alim kimi deyil, həm də yüksək mənəviyyat sahibi olan əsl ziyalı kimi yaşayır.

Zərifə Əliyevanın həyatı bizə bir daha göstərir ki, insanın əsl böyüklüyü onun elmə, xalqa və insanlığa verdiyi töhfələrlə ölçülür. Onun əziz xatirəsi daim hörmət və ehtiramla anılır.

Xəzər rayonu, Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru                                                                        Mürsəl Mürsəlov

     

Oxşar Xəbərlər

Back to top button