
Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq dinamik şəkildə inkişaf etməkdədir: “Sözsüz ki, bu səfər həmin əlaqələrin strateji məzmununun dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərdə ikitərəfli gündəliyin əsas istiqamətləri ətraflı şəkildə müzakirə olundu. Təkbətək və geniş tərkibdə aparılan danışıqlarda siyasi dialoqun intensivləşdirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, həmçinin müxtəlif sahələr üzrə institusional əlaqələrin gücləndirilməsi məsələləri ön plana çəkilib. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha vurğulamış, suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin vacibliyini qeyd etmişlər. Həminin humanitar və mədəni sahələrdə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Təhsil, elm, mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və mədəni irsin təşviqi istiqamətində əməkdaşlığın artırılması qərara alınıb. Bu istiqamətdə tərəflər xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi önə çəkilib”. Qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Azərbaycan sərmayədarları üçün də Latviyada müxtəlif sahələrdə investisiya yatırımı baxımından əlverişli şərait mövcuddur. Bir sözlə, Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir və Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında yeni mərhələ açacaq. Dövlət başçımızın vurğuladığı kimi, Latviyada təhsil alan 450-dən çox azərbaycanlı tələbənin mövcudluğu münasibətlərin humanitar ölçüsünün dərinliyini nümayiş etdirir. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq dövlətlərarası münasibətlərin dayanıqlı sosial bazasını formalaşdıran mühüm komponentdir. Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı səsləndirdiyi məqamlar xüsusi geosiyasi məna daşıyır. Azərbaycanın siyasi iradə, beynəlxalq hüquq və strateji baxış əsasında sülh gündəliyi formalaşdırması yalnız region üçün deyil, daha geniş beynəlxalq müstəvi üçün nümunədir. Dövlət başçımızın şəxsi münasibətlərin ikitərəfli əməkdaşlıqda mühüm rol oynadığını vurğulaması müasir beynəlxalq münasibətlərdə lider diplomatiyasının artan rolunu göstərir Uzun illərə söykənən qarşılıqlı etimad siyasi dialoqun intensivliyini artıran mühüm amildir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Latviya əlaqələri yeni strateji mərhələyə daxil olur. Siyasi dialoq, investisiya əməkdaşlığı, logistika imkanları, humanitar bağlar və təhlükəsizlik gündəliyi bu münasibətləri çoxşaxəli tərəfdaşlıq modelinə çevirir.
Prezident İlham Əliyevin mesajlarında aydın görünür ki, bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında yeni körpülərin qurulması baxımından strateji əhəmiyyət daşıyır. Bu isə Azərbaycanın balanslı və çoxtərəfli xarici siyasət kursunun daha bir uğurlu təzahürüdür.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



