AnalitikaGündəmSiyasət

İlham Əliyevin Zelenski ilə mətbuat bəyanatını “qeyri-bərabər şəraitdə tarazlı tərəfdaşlıq nümunəsi” kimi xarakterizə etmək olar

“İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan amillərdən biri qarşılıqlı səfərlərin dinamikliyidir. Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlığa və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına  verdiyi önəm bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Bu nühüm məqamı da xüsusi qeyd etməliyik ki, son illərdə Prezident İlham Əliyevin Azərbaycana səfər edən bu və ya digər ölkənin dövlət başçıları ilə görüşlərini paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə keçirməsi bir ənənəyə çevrilib. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdə oldu. Qəbələdə  Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlandı, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirildi.

Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən Ukrayna Prezidenti  bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulandı.

Ticarət dövriyyəsi də bəyanatın mühüm hissəsini təşkil edir. Prezident Əliyevin dediyi “yarım milyard dolları ötmüş” rəqəm əslində müharibə səbəbindən nisbətən düşsə də, indi onun yenidən artması gözlənilir. Maraqlıdır ki, Azərbaycanın Ukraynaya ixracı idxaldan çox olaraq qalır. Bu, Azərbaycanın müharibə dövründə Ukraynaya əsasən kənd təsərrüfatı məhsulları, neft məhsulları və metallar satdığını göstərir. Səfərin məqsədlərindən biri də məhz bu balansı daha dayanıqlı formata çevirmək, Azərbaycandan rekonstruksiya materialları – sement, borular, elektrik avadanlıqları, kabel məhsulları – idxalını artırmaqdır.

İlham Əliyevin Zelenski ilə mətbuat bəyanatını “qeyri-bərabər şəraitdə tarazlı tərəfdaşlıq nümunəsi” kimi xarakterizə etmək olar. Azərbaycan öz mürəkkəb geosiyasi mövqeyindən – Rusiya, Türkiyə, İran ilə qonşuluq, eyni zamanda Qərbə enerji təchizatı – maksimum fayda çıxarır və heç bir bloka qoşulmadan Ukraynaya praqmatik, ladanşlı dəstək verir. Siyasi müstəvidə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə Azərbaycan beynəlxalq hüququn qoruyucusu kimi imicini gücləndirir. İqtisadi sahədə SOCAR və digər şirkətlər müharibəyə baxmayaraq Ukrayna bazarındakı mövqelərini qoruyur. Hərbi-texniki əməkdaşlıq hələ də pərdəarxası olsa da, istiqamət aydındır: birgə istehsala doğru addımlar. Bu münasibətlər çətinləşən şəraitdə nəinki ayaqda qalır, əksinə təkamül edir və hər iki tərəf üçün xarici siyasətin uğurlu multivektorluluğunun bariz nümunəsi olaraq qalır.

 Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button