AnalitikaGündəmSiyasət

Bakı qlobal urbanizasiya gündəliyinin formalaşdığı mühüm beynəlxalq mərkəzdir

Bu günlərdə dünyanın diqqəti yenidən Bakıya yönəlib. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. 17–22 may tarixlərində keçirilən bu mötəbər tədbir urbanizasiya, dayanıqlı inkişaf, sosial inklüzivlik və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm beynəlxalq platformadır.

WUF13-ə 180-dən çox ölkədən on minlərlə nümayəndənin qatılması gözlənilir. Tədbir çərçivəsində təşkil olunan pavilyonlarda onlarla dövlət öz təcrübəsini və innovativ yanaşmalarını təqdim edir. 2001-ci ildə təsis olunan Ümumdünya Şəhərsalma Forumu BMT sistemində şəhərsalma və urbanizasiya sahəsində ən genişmiqyaslı tədbirlərdən biri hesab olunur. Forum müxtəlif ölkələrin hökumətlərini, beynəlxalq təşkilatları, ekspertləri, özəl sektoru və vətəndaş cəmiyyətini bir araya gətirərək bilik və təcrübə mübadiləsinə, yeni tərəfdaşlıqların qurulmasına və qlobal çağırışlara ortaq həll yollarının hazırlanmasına xidmət edir.

COP29-un uğurla təşkilindən sonra WUF13-ün də Bakıda keçirilməsi Azərbaycanın qlobal təşəbbüslərdə artan rolunun və etibarlı tərəfdaş kimi qazandığı yüksək nüfuzun növbəti təsdiqidir. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər göstərir ki, Azərbaycan təkcə regionda deyil, dünya miqyasında da mühüm dialoq və əməkdaşlıq mərkəzinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində vurğulayıb ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Dövlət başçısı qeyd edib ki, bu mötəbər tədbir ölkəmizin qlobal urbanizasiya gündəliyində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

Müasir dövrdə şəhərlərin sürətlə böyüməsi, iqlim dəyişiklikləri, sosial bərabərlik, infrastrukturun yenilənməsi və ekoloji təhlükəsizlik kimi məsələlər beynəlxalq gündəliyin əsas mövzularına çevrilib. Bu baxımdan Bakının belə nüfuzlu forumun ev sahibi seçilməsi Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin və həyata keçirdiyi uğurlu siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlər ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Hər bir belə forum Azərbaycanın siyasi, iqtisadi və humanitar imkanlarını nümayiş etdirməklə yanaşı, ölkəmizin yaratdığı yeni regional reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm platforma rolunu oynayır. Minlərlə xarici nümayəndənin, ekspertin və media təmsilçisinin Bakıya gəlməsi Azərbaycanın inkişaf modeli, sabitliyi və multikultural dəyərləri ilə yaxından tanış olmasına şərait yaradır.

WUF13 Azərbaycan üçün yalnız şəhərsalma məsələlərinin müzakirə olunduğu tədbir deyil, həm də qlobal həmrəyliyin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq reytinqinin daha da yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır. Forum çərçivəsində keçirilən görüşlər, müzakirələr və qəbul edilən qərarlar Azərbaycanın xarici siyasət kursunun uğurla davam etdirilməsinə və beynəlxalq əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır.

Bakıda müzakirə olunan ideyalar, təqdim olunan layihələr və formalaşan əməkdaşlıq təşəbbüsləri gələcəyin şəhərlərinin qurulmasına, daha təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək. Bu prosesdə Azərbaycanın fəal iştirakı ölkəmizin qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin miqyasını bir daha nümayiş etdirir.

Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, yüksək təşkilatçılıq qabiliyyətinin və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin parlaq təzahürüdür. Bu mötəbər tədbir bir daha təsdiq edir ki, Bakı artıq dünyanın gələcəyi ilə bağlı mühüm qərarların müzakirə olunduğu, yeni ideyaların formalaşdığı və qlobal əməkdaşlığın inkişaf etdiyi etibarlı beynəlxalq mərkəzdir.

 Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

 

Oxşar Xəbərlər

Back to top button