AnalitikaGündəmSosial

Milli Qurtuluş strategiyası və müasir Azərbaycanın formalaşması

Xalqların tarixində elə dönüş nöqtələri olur ki, həmin günlər təkcə müəyyən bir hadisənin deyil, bütöv bir dövlətin və millətin taleyinin dəyişməsinin rəmzinə çevrilir. Azərbaycan xalqının müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü məhz belə taleyüklü hadisələrdən biridir. Bu tarix ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin xilas edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Milli Qurtuluş Günü Azərbaycanın parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtularaq sabitlik və inkişaf yoluna qədəm qoyduğu tarixi mərhələdir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərlə üz-üzə qalmışdı. Siyasi hakimiyyətdə yaşanan qeyri-sabitlik, idarəetmədə yol verilən ciddi nöqsanlar, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkəni dərin böhran vəziyyətinə sürükləmişdi. Dövlət institutlarının fəaliyyəti zəifləmiş, qanunçuluq pozulmuş, silahlı qrupların özbaşınalığı genişlənmişdi. Cəmiyyətin gələcəyə inamı sarsılmış, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir şəraitdə Azərbaycan dövlətçiliyi real təhlükə ilə üz-üzə qalmışdı. Məhz həmin taleyüklü dövrdə xalqın ümid yeri böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev oldu. 1992-ci il oktyabrın 16-da Azərbaycan ziyalılarının bir qrupunun Ümummilli Liderə ünvanladığı müraciət ölkədə yeni siyasi qüvvənin formalaşmasına təkan verdi. Bunun məntiqi davamı olaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və partiyanın gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Qısa müddətdə geniş ictimai dəstək qazanan Yeni Azərbaycan Partiyası milli maraqlara əsaslanan siyasi xətti ilə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.

1993-cü ilin iyununda ölkədə böhran daha da dərinləşəndə xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu. İyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu hadisə yalnız hakimiyyət dəyişikliyi deyil, dövlətçiliyin xilası demək idi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin təmin olunması, qanunçuluğun bərpası və dövlət idarəçiliyinin yenidən qurulması istiqamətində mühüm addımlar atıldı. Qısa müddət ərzində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutlarının fəaliyyəti bərpa edildi və Azərbaycanın gələcək inkişafının əsasları formalaşdırıldı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı ağır nəticələrin aradan qaldırılması və dövlət təhlükəsizliyinin təmin edilməsi idi. 1994-cü ilin may ayında əldə olunan atəşkəs ölkədə sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratdı. Bu addım Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı. Müstəqil dövlətin gələcəyinin güclü iqtisadi təməllər üzərində qurulmalı olduğunu yaxşı bilən Heydər Əliyev Azərbaycanın enerji strategiyasını formalaşdırdı. 1994-cü il sentyabrın 20-də imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə Azərbaycanın zəngin enerji ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin etməklə yanaşı, ölkəyə milyardlarla dollar həcmində investisiyanın cəlb olunmasına şərait yaratdı. Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası çərçivəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi mühüm beynəlxalq layihələrin əsası qoyuldu. Sonrakı illərdə uğurla reallaşdırılan bu layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm mövqe tutmasını təmin etdi. Milli sərvətlərin gələcək nəsillərin rifahına xidmət etməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin mühüm nəticələrindən biri oldu. Bu addım enerji gəlirlərinin şəffaf və səmərəli idarə olunmasına, iqtisadi sabitliyin təmin edilməsinə və sosial rifahın yüksəldilməsinə xidmət etdi.

Dövlət quruculuğu prosesində hüquqi islahatlar xüsusi yer tuturdu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyin hüquqi əsaslarını müəyyənləşdirdi. Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını, demokratik idarəetmə prinsiplərinin tətbiqini və qanunun aliliyini təsbit edən fundamental sənəd kimi ölkənin inkişafında mühüm rol oynadı. Sonrakı illərdə həyata keçirilən məhkəmə-hüquq islahatları da məhz bu siyasi kursun davamı oldu.

Heydər Əliyevin fəaliyyətində ordu quruculuğu mühüm istiqamətlərdən biri idi. Onun rəhbərliyi ilə vahid komandanlıq prinsipi əsasında müasir milli ordu formalaşdırıldı, peşəkar hərbi kadr hazırlığı sistemi yaradıldı və Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldildi. Həmin dövrdə əsası qoyulan ordu quruculuğu siyasəti sonrakı illərdə daha da inkişaf etdirilərək Azərbaycanın hərbi gücünün əsasını təşkil etdi.

Ulu Öndər milli ideologiyanın formalaşdırılmasına da xüsusi önəm verirdi. Onun müəllifi olduğu azərbaycançılıq məfkurəsi milli birliyi, dövlətçilik dəyərlərini və vətənə bağlılığı özündə birləşdirən ideoloji konsepsiya kimi cəmiyyətin inkişafında mühüm rol oynadı. Bu ideologiya müxtəlif baxışlara malik insanların vahid məqsəd – müstəqil və güclü Azərbaycan naminə birləşməsinə xidmət etdi.

Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi də Heydər Əliyevin uğurlu siyasətinin mühüm nəticələrindən idi. Balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurdu. Azərbaycan etibarlı tərəfdaş kimi tanındı və regionun aparıcı dövlətlərindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin müdafiə qabiliyyəti gücləndirilib, sosial-iqtisadi inkişaf sürətlənib və milli maraqlar qətiyyətlə təmin olunub.

Bu siyasətin ən böyük nəticəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi və tarixi ədaləti bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Ulu Öndərin vaxtilə müəyyən etdiyi dövlətçilik strategiyası öz ən möhtəşəm nəticəsini verdi.

Zəfərdən sonra Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıldı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur, müasir şəhər və kəndlər salınır. Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkənin iqtisadi inkişafının yeni mərkəzlərindən birinə çevrilməkdədir.

2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində əldə etdiyi uğurların mühüm siyasi ifadəsi oldu. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini daha yüksək səviyyəyə qaldıran bu sənəd regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi eyni zamanda Milli Qurtuluşdan başlanan və Zəfərlə nəticələnən inkişaf yolunun növbəti mühüm mərhələsini təcəssüm etdirir.

Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqilliyin qorunmasının rəmzi kimi yaşayır. 15 İyun 1993-cü ildə əsası qoyulan siyasi sabitlik və inkişaf kursu ölkəmizin müasir uğurlarının təməlini təşkil edir. Bu gün Azərbaycan tam bərpa olunmuş suverenliyi, güclü iqtisadi potensialı, müasir ordusu və artan beynəlxalq nüfuzu ilə regionun aparıcı dövlətlərindən biri kimi çıxış edir. Bütün bunlar bir daha təsdiq edir ki, Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu Azərbaycanın gələcəyinə işıq salan etibarlı siyasi xətt olaraq qalır. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin yeni uğurlar qazanmasına, milli maraqlarının daha etibarlı şəkildə qorunmasına və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button