AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu: Tarixi İrsdən Müasir Qələbələrə Doğru

“Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.”
Ulu Öndər Heydər Əliyev

Hər bir dövlətin gücü onun iqtisadi potensialı, siyasi nüfuzu və milli birliyi ilə yanaşı, həm də təhlükəsizliyini təmin etməyə qadir olan silahlı qüvvələrinin səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün yalnız ölkəmizin müdafiəsini həyata keçirən hərbi qurum deyil, həm də dövlətçiliyimizin möhkəmliyinin, xalqımızın iradəsinin və milli həmrəyliyimizin təcəssümüdür. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ordumuzun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, bu uğurlar təsadüf deyil, uzun illər ərzində həyata keçirilmiş uzaqgörən siyasətin və ardıcıl dövlət strategiyasının nəticəsidir.
Azərbaycan Ordusunun müasir inkişaf tarixini təhlil edərkən ilk növbədə Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Hələ sovet dövründə Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev milli hərbi kadrların hazırlanmasının vacibliyini dərk edərək bu istiqamətdə mühüm addımlar atmışdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması təkcə bir təhsil müəssisəsinin açılması deyil, gələcək müstəqil Azərbaycanın milli zabit korpusunun formalaşdırılmasına hesablanmış strateji qərar idi. Həmin dövrdə yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması sonrakı illərdə Azərbaycan Ordusunun əsas kadr bazasını yaratdı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb geosiyasi və hərbi vəziyyətlə üzləşdi. Ermənistanın hərbi təcavüzü fonunda ölkədə siyasi qeyri-sabitlik hökm sürür, nizami ordu formalaşdırıla bilmirdi. Müxtəlif silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması və idarəetmədəki problemlər dövlətçiliyin özünü təhlükə altına salmışdı. Məhz belə bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa etməklə yanaşı, peşəkar və vahid komandanlığa tabe olan milli ordu quruculuğuna başladı. 1994-cü ildə əldə edilən atəşkəsdən sonra ordunun maddi-texniki təminatı, şəxsi heyətin hazırlığı və hərbi infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirildi.
1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi dövlətin orduya verdiyi önəmin göstəricilərindən biri idi. Bu addım ordunun cəmiyyətdə nüfuzunun artırılmasına və hərbi xidmətə marağın yüksəlməsinə mühüm töhfə verdi. Sonrakı illərdə Hərbi Akademiyanın yaradılması, ali hərbi məktəblərin inkişaf etdirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycan Ordusunun peşəkar əsaslar üzərində formalaşmasını sürətləndirdi.
Lakin Azərbaycan Ordusunun ən sürətli inkişaf mərhələsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Dövlət başçısının ordu quruculuğunu prioritet istiqamətlərdən biri elan etməsi nəticəsində Silahlı Qüvvələrin maddi-texniki bazası əsaslı şəkildə yeniləndi. Dünyanın qabaqcıl ölkələrindən alınan müasir silah sistemləri, pilotsuz uçuş aparatları, raket kompleksləri və digər hərbi texnikalar ordumuzun imkanlarını tamamilə yeni səviyyəyə yüksəltdi. Bununla yanaşı, yerli hərbi sənayenin yaradılması Azərbaycanın müdafiə qabiliyyətini gücləndirən mühüm amillərdən birinə çevrildi.

Azərbaycan Ordusunun gücü yalnız silah və texnika ilə ölçülmür. Ordumuzun əsas üstünlüyü yüksək vətənpərvərlik ruhuna malik şəxsi heyət, peşəkar zabit korpusu və xalqla ordu arasında mövcud olan sarsılmaz birlikdir. Ulu Öndər Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” fikri bu gün də öz aktuallığını qoruyur. Məhz bu birlik Azərbaycanın son illərdə qazandığı bütün hərbi uğurların təməlində dayanır.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun yeni gücünün ilk ciddi nümayişi oldu. Dörd gün ərzində həyata keçirilən uğurlu əməliyyatlar göstərdi ki, Azərbaycan artıq 1990-cı illərin zəif və pərakəndə ordusu deyil. 2018-ci ildə Günnüt əməliyyatı isə strateji yüksəkliklərin və geniş ərazilərin nəzarətə götürülməsi ilə ordumuzun peşəkarlığını bir daha təsdiqlədi.

Bütün bu proseslərin məntiqi nəticəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan Ordusu müasir döyüş texnologiyalarından, yüksək dəqiqlikli silahlardan və çevik idarəetmə sistemindən istifadə edərək düşmən üzərində tarixi Qələbə qazandı. Dünyanın aparıcı hərbi ekspertləri tərəfindən öyrənilən bu müharibə müasir hərb tarixində yeni yanaşmaların tətbiqi baxımından xüsusi maraq doğurdu. Şuşanın azad edilməsi isə hərbi məharətin, döyüş əzminin və vətənpərvərliyin ən yüksək nümunələrindən biri kimi tarixə yazıldı.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat ordumuzun yüksək hazırlığını, dəqiq koordinasiyasını və müasir imkanlarını bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam təmin etmiş oldu.

Bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Komando briqadalarının yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi, hərbi təhsil sisteminin yenilənməsi və müdafiə sənayesinin inkişafı gələcəyin ordusunun formalaşdırılmasına xidmət edir. Müasir təhlükəsizlik çağırışları fonunda Azərbaycan Ordusu yalnız bu günün deyil, gələcəyin müharibələrinə də hazırlaşır.
Azərbaycan Ordusunun bugünkü qüdrəti bir neçə amilin vəhdətindən yaranıb: Heydər Əliyevin müəyyən etdiyi strateji kurs, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın milli birliyi. Məhz buna görə Azərbaycan Ordusu yalnız hərbi qurum deyil, xalqımızın qürur mənbəyi, dövlətimizin müstəqilliyinin etibarlı təminatçısı və gələcək inkişafının əsas dayaqlarından biridir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edir, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Tarix göstərdi ki, güclü dövlətin güclü ordusu olur. Azərbaycan isə bu gün həm güclü dövlətə, həm də qalib orduya sahibdir.

Rüstəmov Ramil,
Neft Kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button