Süni intellektlə məzmun yaradılması üzrə təlim təşkil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Sosial Media Mərkəzi ilə birgə təlim keçirilib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılış hissəsində layihənin məqsəd və vəzifələri, süni intellekt texnologiyalarının sosial media fəaliyyətində yaratdığı yeni imkanlar, rəqəmsal məzmun istehsalında innovativ yanaşmaların əhəmiyyəti barədə məlumat verilib.
Çıxış edən YAP Sosial Media Qrupunun məsləhətçisi Rəsul Bayram oğlu Səlimzadə süni intellekt alətlərinin müasir informasiya mühitində, xüsusilə sosial media platformalarında daha operativ, hədəfli və keyfiyyətli məzmun hazırlanması baxımından mühüm rol oynadığını vurğulayıb. O, gənclərin və sosial media sahəsində çalışan şəxslərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasının aktuallığını qeyd edib.
Daha sonra İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyində layihə rəhbəri Abbas Pənahov çıxış edərək layihənin əsas məqsədinin iştirakçılara süni intellekt dəstəyi ilə məzmun yaratmaq, kampaniya planlamaq, auditoriya ilə səmərəli kommunikasiya qurmaq və sosial media fəaliyyətini data əsaslı şəkildə təkmilləşdirmək bacarıqları qazandırmaqdan ibarət olduğunu bildirib. O, layihənin praktik yönümlü hazırlandığını və iştirakçıların təlim müddətində real nümunələr üzərində işləyəcəklərini diqqətə çatdırıb.
Çıxışlardan sonra təlim proqramına start verilib. Təlim zamanı iştirakçılara süni intellektin əsas anlayışları, generativ AI alətləri, səmərəli “prompt” yazılması, sosial media üçün mətn, vizual və video məzmunun hazırlanması, kampaniya “brief”inin formalaşdırılması və platformalara uyğun məzmun strategiyasının qurulması barədə məlumat verilib.
Təlimin növbəti hissəsində AI vasitəsilə məzmun kampaniya paketinin hazırlanması, mikro-influenser kampaniyalarının planlaşdırılması, sosial media göstəricilərinin təhlili, sentiment analizi, performans proqnozlaşdırılması, A/B test yanaşmaları və kampaniyaların optimallaşdırılması kimi mövzular iştirakçılara izah olunub.
Bununla yanaşı, süni intellektdən istifadə zamanı etik prinsiplərə əməl olunması, faktların yoxlanılması, müəllif hüquqları, şəxsi məlumatların qorunması, brend səsinin saxlanılması və insan nəzarətinin vacibliyi xüsusi olaraq vurğulanıb.
Layihə çərçivəsində keçirilən təlimlərin əsas məqsədi iştirakçıların sosial media üçün daha səmərəli, yaradıcı və ölçüləbilən məzmun hazırlamaq bacarıqlarını inkişaf etdirmək, onları müasir rəqəmsal alətlərdən düzgün və məsuliyyətli istifadə etməyə təşviq etməkdir.
Təlim interaktiv müzakirələr, praktiki tapşırıqlar və real kampaniya nümunələri əsasında davam etdirilib. İştirakçılar süni intellekt alətlərindən istifadə etməklə sosial media mətnləri, vizual konseptlər, kampaniya planları və optimallaşdırma yanaşmaları üzərində işləyiblər.
Qeyd edək ki, “Süni intellekt dəstəyi ilə məzmun yaratma bacarıqlarının inkişafı” layihəsi rəqəmsal bacarıqların artırılması, innovativ düşüncənin təşviqi və sosial media sahəsində müasir texnologiyalardan səmərəli istifadənin genişləndirilməsi məqsədi daşıyır




