
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı geosiyasi dialoqda fundamental dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu səfər göstərdi ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırır və iki ölkə arasındakı əlaqələr bütövlükdə bölgədə sülhə, əməkdaşlığa və əmin-amanlığa xidmət edir. Azərbaycan və Almaniya münasibətlərinin ən mühüm nailiyyəti tərəflər arasında uzun müddətdir arzulanan strateji dialoqun rəsmi şəkildə başlanmasıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması əlaqələrin tamamilə yeni səviyyəyə qaldırılmasının hüquqi və siyasi təminatıdır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, siyasi münasibətlərin inkişafı iqtisadi platformanın da möhkəmləndirilməsini zəruri edir. Məhz bu məqsədlə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanmışdır. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti çox fəal və uğurla işləyir. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirə edildiyi bu səfərdə alman şirkətlərinin ölkəmizdə daha geniş fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüş və qərarların operativ icrası üçün xüsusi işçi qruplarının yaradılması nəzərdə tutulmuşdur. Qlobal enerji böhranları fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu əvəzolunmaz bir xarakter alıb. Bu ilin ən mühüm iqtisadi hadisələrindən biri Azərbaycanın öz təbii qazını Almaniyaya ixrac etməyə başlamasıdır. Bununla da ölkəmizin qazı artıq Avropa İttifaqına üzv olan 10 ölkəyə çatdırılır ki, bu da qitənin enerji təhlükəsizliyi üçün çox böyük töhfə hesab edilir.
Lakin Azərbaycan-Almaniya enerji dialoqu yalnız ənənəvi resurslarla məhdudlaşmır. Azərbaycanın Almaniyaya neft ixrac etməklə yanaşı, gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmində olması, enerji sahəsində əməkdaşlığın çox genişmiqyaslı olacağını və uzunmüddətli strateji maraqlara xidmət edəcəyini təsdiqləyir.
“Azərbaycan və Almaniya arasındakı əməkdaşlığın digər böyük əhəmiyyət kəsb edən istiqaməti bağlantılar və tranzit imkanlarıdır. Azərbaycanın öz nəqliyyat infrastrukturunu sürətlə təkmilləşdirməsi ölkəmizi Şərq-Qərb marşrutunun əsas qovşağına çevirib. Xüsusilə keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olan Azərbaycan hazırda Orta Asiya ilə Avropa arasında həlledici körpü rolunu oynayır və bu rol getdikcə daha da artacaqdır. Almaniya şirkətlərinin bu istiqamətdə böyük uğurlar əldə etməsi qarşılıqlı tranzit layihələrinin icrasını daha da cəlbedici edir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri Avropa İttifaqı-Azərbaycan əlaqələrinin daha böyük mənzərəsinin vacib bir parçasıdır. 2026-cı il ərzində həm Avropa İttifaqı Şurasının Prezidenti Koştanın, həm də Avropa Komissiyasının Prezidenti Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmağımız çox böyük siyasi məna daşıyır. Bu təmaslar Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri qətiyyətlə gücləndirəcəkdir. Lider ölkə olaraq Almaniyanın bu prosesdəki böyük rolu həm ikitərəfli əməkdaşlığın, həm də qlobal inteqrasiyanın mühüm təminatçısı kimi çıxış edir.



