Şanlı Zəfərin təntənəsi: 26 avqust – Laçın Şəhəri Günü

Azərbaycanın şanlı Zəfər tarixində elə unudulmaz səhifələr var ki, onlar təkcə itirilmiş torpaqların geri qaytarılmasını deyil, həm də xalqımızın əyilməz iradəsini, qürurunu və mənəvi dirçəlişini simvolizə edir. Hər il avqustun 26-sı qeyd olunan Laçın Şəhəri Günü məhz belə möhtəşəm və qürurverici tarixlərdən biridir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün Azərbaycanın ədaləti bərpa etməsinin, haqqın və gücün təntənəsinin parlaq təzahürüdür.
Azərbaycanın cənub-qərbində, Kiçik Qafqazın füsunkar dağlıq hissəsində yerləşən Laçın rayonu zəngin tarixi, strateji mövqeyi və unikal təbiəti ilə seçilir.
Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın Azərbaycanın geosiyasi təhlükəsizliyində mühüm rol oynayır.
Qədim dövrlərdə Abdallar adlanan yaşayış məskəni 1923-cü ildə şəhər statusu alaraq Laçın adlandırılmış, 1930-cu ildə isə müstəqil rayon mərkəzinə çevrilmişdir. “Laçın” sözü qəhrəmanlıq, məğrurluq və şücaət rəmzi olan ov quşunun adından qaynaqlanır.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu ağır insan faciələri ilə yadda qaldı. Minlərlə insan öz doğma ocağından didgün düşdü, rayondakı qədim tarixi-mədəni abidələr vandalizmə məruz qaldı, təbii sərvətlər isə qəddarcasına talan edildi.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-siyasi Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu əksər hissəsi ilə Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri həmin dövrdə keçmiş dəhlizin nəzarətində qalmışdı.
Azərbaycan dövləti qısa müddət ərzində laçınlıların təhlükəsizliyini təmin etmək və gediş-gəlişi tənzimləmək məqsədilə 32 kilometr uzunluğunda yeni alternativ Laçın yolunu inşa etdi. Yolun istifadəyə verilməsindən dərhal sonra, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və üçrəngli Azərbaycan bayrağı şəhər mərkəzində ucaldıldı. Prezident İlham Əliyevin həmin gün sosial şəbəkələrdə paylaşdığı “Avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtdıq. Laçın Şəhəri Günü mübarək olsun!” sözləri xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.
Bu gün Laçın sadəcə azad edilmiş bir diyar deyil, həm də Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini və quruculuq əzmini nümayiş etdirən Böyük Qayıdışın simvoludur.
Azadlıqdan dərhal sonra Laçın şəhərində misilsiz miqyasda bərpa və yenidənqurma işlərinə başlandı. Qısa müddət ərzində şəhərin tarixi siması və memarlıq üslubu qorunub saxlanılmaqla yanaşı, ən müasir standartlara cavab verən yaşayış məhəllələri, məktəblər, xəstəxanalıq kompleksləri, hotellər və mədəniyyət ocaqları inşa edildi.
Dövlətin hərtərəfli dəstəyi ilə Laçına qayıdan sakinlərin həyatında yeni, parlaq səhifə açıldı. Bu gün Həkəri çayının sahilində yerləşən, ecazkar təbiəti ilə göz oxşayan Laçın şəhəri həm də beynəlxalq tədbirlərin, festivalların və mədəniyyət layihələrinin mərkəzinə çevrilib.
Hər il avqustun 26-da Laçında və ölkənin hər yerində böyük coşqu ilə qeyd olunan bu bayram şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın və işıqlı gələcəyə olan inamın rəmzi kimi əbədi yaşayacaqdır.
Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti



