
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə taleyüklü, əbədiyaşar dönəmlər var ki, onlar xalqın milli taleyini kökündən dəyişir, gələcək nəsillərə qürur mənbəyi miras qoyur. Ölkəmizin müasir tarixində məhz belə bir zirvə nöqtəsi – otuz illik işğala, ədalətsizliyə və separatçılığa son qoyan Şanlı Zəfər tarixi və Dövlət Suverenliyinə gedən qalibiyyət yoludur.
Bu yol Azərbaycan xalqının dəmir iradəsinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinin və qəhrəman ordumuzun şücaətinin təntənəsidir.
Azərbaycanın suverenliyinin tam bərpası təsadüfən baş vermədi. Bu, illər boyu aparılan məqsədyönlü, ardıcıl və uzaqgörən strategiyanın məntiqi nəticəsi idi:
İqtisadi müstəqillik: Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası və iqtisadi inkişaf kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Güclü iqtisadiyyat güclü ordunun, güclü dövlətin təməlini yaratdı.
Milli birlik: Cəmiyyətdə hökm sürən xalq-iqtidar birliyi bütün təxribatların qarşısını alan ən böyük qalxan oldu. Azərbaycan hərbi qüdrətini artıraraq bölgədə söz sahibinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixinin yeni qızıl səhifəsini açdı. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin illərlə qurub möhkəmləndirdiyi istehkamları darmadağın etdi.
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Şuşa əməliyyatı dünya hərb tarixinə düşdü.Xalqın “Dəmir Yumruq” ətrafında birləşməsi düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi və 30 illik həsrətə son qoyuldu.
Vətən müharibəsindən sonra yaranmış reallıqlara baxmayaraq, Qarabağın dağlıq hissəsində hələ də qeyri-qanuni erməni silahlı birləşmələri və separatçı rejim qalmaqda davam edirdi. Bu isə Azərbaycanın tam suverenliyinə kölgə salırdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı.Cəmi 24 saat davam edən əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərimizdə Azərbaycan Respublikasının suverenliyi tam bərpa olundu və üçrəngli bayrağımız ucaldıldı.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarix xalqımızın hüquqi haqqının, ədalətin və dövlətçilik şərəfinin təntənəsidir.
Bu gün suverenliyini tam bərpa etmiş Azərbaycan yeni bir quruculuq mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində müasir şəhərlər, kəndlər, yollar, hava limanları və infrastrukturlar inşa edilir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz ata-baba torpaqlarına qayıdırlar.
Şanlı Zəfər tarixi və Dövlət Suverenliyinə gedən bu şərəfli yol xalqımızın əyilməzliyinin, şəhidlərimizin qanı və canı bahasına qazanılmış əbədi azadlığın simvoludur. Bu gün hər bir azərbaycanlı qürurla qeyd edir ki, Azərbaycanın suverenliyi əbədidir, sarsılmazdır və dönməzdir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı




