
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq onu inkişaf etdirmək ən böyük tarixi nailiyyətlərdən biridir. Dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyətin təmin olunması deyil, həm də xalqın öz siyasi, hüquqi, iqtisadi və sosial gələcəyini sərbəst müəyyən etmək imkanını ifadə edir. Azərbaycan üçün 20 Sentyabr – Dövlət Suverenliyi Günü məhz bu baxımdan xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır.
Azərbaycanın müasir tarixində dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb prosesin nəticəsidir. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, Ermənistanın işğal siyasəti nəticəsində ərazilərimizin bir hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarının həyata keçirilməsi mümkün olmamışdı. 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.
Məhz bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi. Bu tarix dövlətçilik tariximizin mühüm səhifələrindən biri olmaqla yanaşı, xalqımızın milli iradəsinin, həmrəyliyinin və müstəqil dövlətçilik əzminin rəmzinə çevrilib.
Suverenliyin bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, mühüm məsuliyyətlər də yaradır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yeni infrastrukturun yaradılması ölkənin ərazi bütövlüyünün real sosial-iqtisadi məzmun qazanmasına xidmət edir. Suveren dövlət üçün əsas məsələ əldə olunmuş tarixi nəticələri davamlı inkişaf, qanunun aliliyi və vətəndaş rifahı ilə möhkəmləndirməkdir.
20 Sentyabr həm də gələcək nəsillərə dövlət müstəqilliyinin və suverenliyin necə böyük tarixi dəyər olduğunu xatırladan gündür. Bu tarix Azərbaycanın öz milli maraqlarını müdafiə edən, müstəqil qərarlar qəbul edən və gələcəyini özü müəyyənləşdirən dövlət kimi inkişaf yolunu ifadə edir. Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik iradəsinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi rəmzi kimi yaddaşlarda yaşayacaq.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



