AnalitikaGündəmSiyasət

Türk xalqlarını birləşdirən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər

Prezident İlham Əliyevin nümayəndə heyətini qəbul etməsi Azərbaycan dövlətinin dini və mənəvi məsələlərə münasibətinin mühüm istiqamətlərini bir daha nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin dini idarə rəhbərlərinin, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarının və Qafqaz xalqlarının dini liderlərinin Bakıda bir araya gəlməsi ortaq dəyərlərin ətrafında geniş əməkdaşlıq imkanlarının mövcudluğunu göstərir. Bu görüş Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi kimi tarixi və mədəni əlaqələrini daha da inkişaf etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Türk xalqlarını birləşdirən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər əsrlər boyu formalaşmış böyük bir irsin ifadəsidir. Bu irsin qorunması və müasir dövrün çağırışları ilə uzlaşdırılması isə gələcək nəsillər qarşısında mühüm vəzifədir. Bakıda keçirilən belə görüşlər həmin mənəvi bağların yeni nəsillərə ötürülməsinə və müxtəlif ölkələrin dini qurumları arasında əlaqələrin genişlənməsinə şərait yaradır.

Azərbaycanın paytaxtının bu cür beynəlxalq dini-mənəvi tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Bakı əsrlər boyunca müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların görüşdüyü şəhər olub. Şəhərin qədim küçələrindən, tarixi məscidlərindən və abidələrindən gələn mənəvi nəfəs bu gün müasir Azərbaycanın dünyaya açıq, tolerant və dialoqa hazır siması ilə tamamlanır. Prezident İlham Əliyevin nümayəndə heyəti ilə görüşündə də məhz bu ənənənin müasir dövrdə davam etdirilməsinin əhəmiyyəti öz əksini tapır. Yəhya Bakuvi irsinin öyrənilməsi və təbliği isə Azərbaycan tarixində elm, fəlsəfə və mənəviyyatın necə sıx bağlı olduğunu göstərən mühüm nümunədir. Bu irsin müxtəlif ölkələrdən olan tədqiqatçılar və dini xadimlər tərəfindən müzakirəsi Azərbaycanın mənəvi xəzinəsinin beynəlxalq elmi və mədəni dövriyyəyə daxil olmasına xidmət edir.

Dadaş Fərəcov,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button