GündəmSiyasət

Separatizmin İflası Və Hüquqi Dövlət Quruculuğunda Yeni Mərhələ

20 sentyabr 2023-cü il tarixi dövlətçilik salnaməmizə təkcə hərbi qələbə kimi deyil, eyni zamanda ölkəmizin bütün ərazisində mütləq hüquq qaydalarının bərqərar olduğu gün kimi daxil olmuşdur. İllər boyu beynəlxalq hüquqa və Azərbaycanın konstitusiya quruluşuna meydan oxuyan separatçı xunta məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti və iradəsi nəticəsində tarix səhnəsindən birdəfəlik silindi. Bu möhtəşəm nailiyyət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hüquqi dövlət quruculuğu prosesinin tam olaraq yekunlaşmasını təmin etdi.

Suverenliyimizin tam bərpası ilə ölkə ərazisindəki təhlükəli “boz zona”ların ləğv edilməsi mühüm hüquqi-siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan dövləti öz sərhədləri daxilində qanundan kənar hər hansı bir statusun, silahlı birləşmənin və ya idarəçilik sisteminin mövcudluğuna qətiyyən dözməyəcək. Sentyabr əməliyyatı Prezident İlham Əliyevin bu hüquqi mövqeyinin və prinsipiallığının praktiki müstəvidə reallaşması, hüququn aliliyinin şərtsiz təmin olunması oldu.

İşğaldan və separatizmdən azad edilmiş ərazilərdə bu gün Azərbaycanın hüquq-mühafizə orqanlarının, dövlət idarəetmə təsisatlarının və məhkəmə sisteminin fəaliyyətinin bərpası mürəkkəb, lakin uğurla davam edən bir prosesdir. Vətəndaşlıq hüquqlarının, mülkiyyət toxunulmazlığının və asayişin qorunması məhz dövlət orqanlarının peşəkar fəaliyyəti hesabına həyata keçirilir. Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi modeli həmin bölgələrdə qısa müddət ərzində tam nizam-intizamın və sabitliyin yaradılmasına imkan verdi.

20 Sentyabr – Dövlət Suverenliyi Günü cəmiyyətimizdə hüquqi şüurun və dövlətə etimadın ən yüksək səviyyəyə çatdığı tarixi bir andır. Bu gün bizlərə ədalətin mütləq bərqərar olduğunu və heç bir kənar qüvvənin dövlətimizin ali qanunlarına təsir edə bilməyəcəyini öyrədir. Xalqımız dərin minnətdarlıq hissi ilə dərk edir ki, bu hüquqi təhlükəsizliyin qarantı məhz Prezident İlham Əliyevin sarsılmaz və müdrik idarəçiliyidir.

Elxan İskəndərov,

YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button