20 Sentyabr – Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol! Tarixi yaddaşın dörd ünvanı!

20 sentyabr Azərbaycan dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyan, dövlət suverenliyimizin tam bərpasını və Qarabağda yeni inkişaf mərhələsinin başlanmasını simvolizə edən əlamətdar tarixdir.
2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də başa çatmış, bununla Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edilmişdir. Məhz bu tarixi hadisənin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Eyni zamanda, Prezidentin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilmişdir. Beləliklə, bu tarix həm dövlət suverenliyimizin bərpasının, həm də Qarabağın dörd mühüm şəhərinin tarixi yaddaşda xüsusi gün kimi əbədiləşdirilməsinin rəmzinə çevrilmişdir.
Tarixi yaddaşın dörd ünvanı
Xankəndi Qarabağın mühüm şəhərlərindən biri kimi Azərbaycanın tarixi və mədəni coğrafiyasında xüsusi yer tutur. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazidə bərpa edilmiş, Xankəndidə dövlət idarəçiliyinin yeni mərhələsi başlanmışdır. Bu gün şəhərdə quruculuq və inkişaf istiqamətində mühüm layihələr həyata keçirilir.
Xocalı xalqımızın milli yaddaşında xüsusi və ağrılı yerə malikdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycanın tarixində ən faciəli səhifələrdən biridir. 2023-cü ilin sentyabrında Xocalı şəhərində dövlət suverenliyinin təmin olunması ilə şəhərin tarixində yeni mərhələ başlanmış, 2024-cü il mayın 28-də keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı həyata keçirilmişdir.
Xocavənd qədim tarixi və zəngin arxeoloji irsi ilə seçilir. Rayon ərazisində yerləşən Azıx və Tağlar mağaraları Azərbaycanın qədim insan məskənlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır. 2020-ci ildə Hadrut qəsəbəsi və rayonun bir sıra yaşayış məntəqələri azad edilmiş, 2023-cü il sentyabrın 19–20-də isə Xocavənd şəhəri də Azərbaycanın nəzarətinə qaytarılmışdır. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Ağdərə Qarabağın tarixi və coğrafi baxımdan mühüm yaşayış məntəqələrindən biridir. 2023-cü il sentyabrın 20-də Ağdərə şəhərində Azərbaycanın dövlət suverenliyi təmin edilmiş, oktyabrın 15-də şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Sonrakı mərhələdə Ağdərə rayonunun inzibati ərazi vahidi kimi yenidən təşkili həyata keçirilmişdir.
Böyük Qayıdış – dirçəlişin yeni mərhələsi
20 sentyabrın tarixi əhəmiyyəti yalnız keçmişin xatırlanması ilə məhdudlaşmır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə yeni məzmun qazanır.
Xüsusilə Xocalıya qayıdışın 2024-cü il mayın 28-də başlanması Böyük Qayıdış prosesinin mühüm mərhələlərindən biri olmuşdur. Bu qayıdış təkcə insanların doğma torpaqlarına dönüşü deyil, həm də şəhərlərin yenidən həyatla, quruculuqla və gələcəyə inamla dolmasının ifadəsidir. 20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin tam bərpasını, tarixi torpaqlarımızda dövlət idarəçiliyinin təmin olunmasını və Qarabağda yeni quruculuq mərhələsinin başlanmasını ifadə edən mühüm tarixdir.
Bu əlamətdar gün münasibətilə xalqımızı Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə təbrik edir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Onların Vətən qarşısında göstərdiyi misilsiz fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu gün Qarabağda dalğalanan üçrəngli Bayrağımız, yenidən qurulan şəhərlərimiz və doğma yurdlarına qayıdan insanlarımız həmin tarixi Zəfərin canlı təcəssümüdür.
Dövlət suverenliyimiz əbədi, müstəqilliyimiz sarsılmaz, Azərbaycanımız daim ucalarda olsun!
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini



