
Azərbaycan bayrağının Qarabağ şəhərlərində dalğalanması dövlət suverenliyinin bərpasının mühüm rəmzlərindən biridir. Lakin dövlətçilik yalnız bayrağın ucaldılması ilə məhdudlaşmır. Bayrağın altında insanların təhlükəsiz və firavan həyatının təmin olunması, dövlət institutlarının fəaliyyət göstərməsi, iqtisadi və sosial inkişafın təmin edilməsi də suverenliyin mühüm göstəriciləridir. Bu baxımdan Qarabağda aparılan quruculuq işləri bayraqla ifadə olunan siyasi nəticənin sosial məzmununu formalaşdırır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində dövlət idarəçiliyinin bərpası ilə yanaşı, yeni infrastrukturun yaradılması da mühüm vəzifəyə çevrilib. Məktəblər, yaşayış evləri, yollar, ictimai məkanlar və sosial xidmətlər insan həyatının normal şəkildə təşkil olunmasına xidmət edir. Dövlət suverenliyi bu ərazilərdə yalnız inzibati baxımdan deyil, insanların gündəlik həyatında da hiss olunmalıdır.
Qarabağda aparılan quruculuğun əsas hədəfi məhz budur. İnsan doğma şəhərinə qayıtdıqda dövlətin varlığını hər addımda görməlidir: evində, məktəbində, yolunda, xəstəxanasında, kommunal xidmətlərində və ictimai məkanlarında. Bu yanaşma dövlətçiliyin praktiki ifadəsidir. Xocalıda qayıdış prosesinin başlaması bu baxımdan mühüm nümunədir.
Azərbaycan bayrağı Qarabağda artıq yeni bir həyatın fonunda dalğalanır. Onun altında şəhərlər bərpa olunur, insanlar qayıdır, uşaqlar üçün məktəblər hazırlanır, yeni yollar salınır. Bayrağın ucaldılması Zəfərin rəmzi idisə, onun altında qurulan həyat həmin Zəfərin gələcək nəsillərə ötürülən ən böyük nəticəsidir.
Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini



