
Beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin və dinlərarası dialoqun təşviqində mühüm rol oynayan Azərbaycan, qlobal miqyasda mənəvi birliyin mərkəzi kimi çıxış edir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda baş tutan tarixi görüş bu siyasətin məntiqi davamı və növbəti təntənəsi oldu. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət mötəbər nümayəndə heyətini qəbul edərək, Türk və İslam coğrafiyasının tanınmış dini xadimlərini bir araya gətirdi. Özbəkistan, Qazaxıstan, Türkiyə, eləcə də Şimali Qafqaz respublikalarının ali dini rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu genişmiqyaslı görüş, Prezident İlham Əliyevin qlobal miqyasda ümmət birliyinə və sülhə verdiyi əvəzsiz töhfələrin bariz nümunəsidir.
Görüş zamanı dövlət başçısı xalqımızın qədim və zəngin mədəni-tarixi irsinə diqqət çəkərək, bəşəriyyətə bəxş etdiyimiz dahi mütəfəkkirlərdən qürurla bəhs etdi. Prezident İlham Əliyev TDT-nin dini rəhbərlərinin toplantısı ilə eyni vaxtda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin xüsusi məna daşıdığını vurğuladı. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dahilərin irsinin təkcə Azərbaycanın deyil, bütün İslam aləminin ortaq mənəvi sərvəti olduğunu qeyd edən dövlət başçısı, həmçinin qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin tarixini xatırlatdı. O bildirdi ki, TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycan tarixən Türk dünyası ilə Qafqazı birləşdirən qüdrətli bir körpü rolunu oynayır və bu missiyanı bu gün də uğurla davam etdirir.
İslam aləmində baş verən mürəkkəb proseslərə və mövcud çağırışlara toxunan Prezident İlham Əliyev, müsəlman ümmətinin sarsılmaz həmrəyliyinin həyati əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladı. O bildirdi ki, Azərbaycan İslam həmrəyliyini yalnız bəyanatlarla deyil, atdığı ardıcıl əməli addımlarla dəstəkləyir. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının əsl birlik bayramı olduğunu xatırlatdıran dövlət başçısı, gələn il ölkəmizdə təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün müsəlman aləmindəki anlaşılmazlıqlara son qoyacağını, İslam dininə qarşı aparılan məkrli kampaniyaların qarşısını almaq üçün müsəlmanları vahid ailə kimi birləşdirəcəyini qətiyyətlə bəyan etdi.
Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin tarixi reallıqları canlı görmək baxımından əhəmiyyətini önə çəkdi. O, Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi yerlə-yeksan etməsini və müqəddəs inanc yerlərini heyvan saxlayaraq təhqir etməsini bütün İslam dünyasına qarşı yönəlmiş misilsiz vəhşilik adlandırdı. Lakin qürurla qeyd etdi ki, güc amilinin həlledici olduğu müasir dünyada Azərbaycan xalqı Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində ədaləti öz gücünə bərpa etdi. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş bölgələrdə 90 mindən çox insanın yaşamasını qeyd edən Prezident İlham Əliyev, Azərbaycan dövlətinin qurucu qüdrətini və xalqımızın mütləq Zəfərini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı


