AnalitikaGündəmİqtisadiyyatSiyasət

Dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə Azərbaycanın iqtisadi inkişafında mühüm istiqamətlərdən birinə diqqəti yönəltdi.

Azərbaycan zəngin təbii sərvətlərə malik ölkədir. Qarşıda duran əsas vəzifələrdən biri isə bu sərvətlərdən daha səmərəli istifadə etməklə onların ölkə iqtisadiyyatına verdiyi töhfəni artırmaqdır. Bunun üçün yalnız xammal hasilatı deyil, onun emalı, yeni istehsal sahələrinin yaradılması və yüksək əlavə dəyər formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı məhz bu məqsədlərə xidmət edir. Proqram çərçivəsində dağ-mədən və metallurgiya sahəsində yeni layihələrin həyata keçirilməsi, mövcud istehsal imkanlarının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin aparılması və müasir texnologiyaların tətbiqi nəzərdə tutulur.

Bu istiqamətdə həyata keçiriləcək işlər Azərbaycanın qeyri-neft sənayesinin inkişafına, yeni istehsal imkanlarının və iş yerlərinin yaradılmasına, regionların iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına mühüm töhfə verə bilər.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda təbii ehtiyatların öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb olunması həmin ərazilərin bərpası və Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, qarşıdakı dövrdə bu sahənin inkişafı sistemli və konkret hədəflər əsasında davam etdirilməlidir. Dövlət Proqramının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi Azərbaycanın sənaye potensialının güclənməsinə və iqtisadiyyatın daha da şaxələndirilməsinə yeni imkanlar yaradacaq.

Azərbaycanın təbii sərvətləri xalqımızın milli sərvətidir. Bu sərvətlərin müasir texnologiyalar, investisiyalar və güclü sənaye infrastrukturu ilə birləşdirilməsi isə ölkəmizin gələcək iqtisadi inkişafı üçün mühüm amildir.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button