AnalitikaGündəmSiyasət

Təbii resursların səmərəli istifadəsi yeni iqtisadi dəyər yaradacaq

Azərbaycanın malik olduğu təbii ehtiyatlar ölkənin iqtisadi inkişafında tarixən mühüm rol oynayıb. Müasir mərhələdə əsas məqsədlərdən biri isə mövcud resurslardan daha səmərəli və müasir texnologiyalar əsasında istifadə etməkdir. 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı məhz bu istiqamətdə yeni imkanlar yaradır. Prezident İlham Əliyev müşavirədə ölkənin təbii resurslarının işlənməsi və onlardan səmərəli istifadə olunmasının iqtisadiyyatın gücləndirilməsinə xidmət edəcəyini bildirib. Burada söhbət yalnız mövcud yataqların istismarından deyil, həm də yeni geoloji kəşfiyyat işlərinin aparılmasından gedir.

Mövcud yataqlar haqqında əvvəlki dövrlərdə əldə edilmiş geoloji məlumatların müasir texnologiyalar vasitəsilə yenidən qiymətləndirilməsi mühüm istiqamətlərdən biridir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, bəzi yataqlar üzrə məlumatlar sovet dövründən qalıb və həmin məlumatların müasir üsullarla dəqiqləşdirilməsinə ehtiyac var. Ötən dövrdə geologiya və texnologiya sahəsində baş verən inkişaf yeni imkanlar yaradıb. Müasir kəşfiyyat metodlarından istifadə etməklə yataqların ehtiyatlarının daha dəqiq müəyyənləşdirilməsi gələcək investisiya qərarlarının qəbulunda da mühüm rol oynaya bilər.

Azərbaycanın işğaldan azad edilmiş əraziləri bu baxımdan xüsusi perspektivə malikdir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması nəzərdə tutulan əsas istiqamətlərdəndir. Ağdərədə artıq işlərə başlanılması bu prosesin praktiki mərhələyə keçdiyini göstərir. Qarşıdakı dövrdə digər ərazilərdə də geoloji kəşfiyyatın genişləndirilməsi həmin regionların mineral resurs potensialının daha ətraflı öyrənilməsinə imkan verə bilər. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında da yeni geoloji kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.

Təbii ehtiyatların səmərəli istifadəsi yalnız hasilatın artırılması demək deyil. Əsas məsələlərdən biri hasil olunan xammalın ölkə daxilində emal edilməsi, əlavə dəyərin yaradılması və iqtisadi dövriyyəyə daha geniş şəkildə cəlb olunmasıdır. Bu baxımdan Dövlət Proqramında nəzərdə tutulan zənginləşdirmə və emal müəssisələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Belə yanaşma təbii sərvətlərin iqtisadi potensialını daha geniş şəkildə reallaşdırmağa, yeni istehsal sahələri yaratmağa və uzunmüddətli sənaye inkişafına zəmin formalaşdırmağa imkan verə bilər.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button