
Dağ-mədən sənayesinin inkişafı metallurgiya sahəsinin genişləndirilməsi ilə birbaşa əlaqəlidir. Filiz hasilatının artırılması onun sonrakı mərhələlərdə emal edilməsini və müxtəlif metal məhsullarının istehsalını tələb edir. Bu baxımdan 2027–2030-cu illər Dövlət Proqramında metallurgiyanın ayrıca istiqamət kimi müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız təbii ehtiyatların çıxarılması deyil, həm də həmin ehtiyatlar əsasında ölkə daxilində daha yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsal edilməsidir.
Prezident İlham Əliyevin çıxışında alüminium istehsalının genişləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Proqram çərçivəsində alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi açıqlanıb. Bu məqsədlə bir neçə zavodun yaradılması nəzərdə tutulur. Yeni istehsal güclərinin formalaşdırılması Azərbaycanın metallurgiya sektorunun sənaye strukturunda daha böyük yer tutmasına imkan yarada bilər.
Metallurgiyanın inkişafının üstünlüklərindən biri onun digər sənaye sahələri üçün xammal bazası yaratmasıdır. Metal məhsullarına maşınqayırma, tikinti, nəqliyyat, energetika və müxtəlif istehsal sahələrində geniş ehtiyac var. Buna görə metallurgiya müəssisələrinin fəaliyyətinin genişlənməsi ölkə daxilində digər sənaye sahələrinin də inkişafına əlavə imkanlar yarada bilər. Yerli istehsalın genişlənməsi idxaldan asılılığın müəyyən istiqamətlər üzrə azalmasına da şərait yarada bilər.
Metallurgiyanın inkişafı ixrac imkanları baxımından da əhəmiyyətlidir. Xammal əvəzinə emal edilmiş və əlavə dəyəri daha yüksək olan metal məhsullarının xarici bazarlara çıxarılması ixrac strukturunun genişlənməsinə xidmət edə bilər. Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də məhz hasilat, emal və son məhsul istehsalını vahid sənaye zəncirində birləşdirməyə yönəlib. Bu baxımdan metallurgiya Azərbaycanın qeyri-neft sənayesinin inkişafında mühüm istiqamətlərdən biri ola bilər.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



