
Tarixin elə günləri var ki, onların mənası illər keçdikcə daha da dərinləşir, xalqın yaddaşında Vətən sevgisinin, milli iradənin və qəhrəmanlığın rəmzinə çevrilir 27 sentyabr da məhz belə bir tarixdir. Bu gün şəhidlərimizin müqəddəs xatirəsini, Vətən uğrunda göstərilən misilsiz fədakarlığı, Qarabağ həsrətini və doğma torpaqlara qayıdışın yaratdığı qürur və sevinc hisslərini özündə birləşdirir.
Bu tarix Azərbaycan xalqının yaddaşında böyük bir dönüş nöqtəsi kimi yaşayır. 2020-ci ilin həmin günündə başlayan Vətən müharibəsi xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və Azərbaycan Ordusunun qəhrəmanlığının tarixi təcəssümü oldu. 44 gün davam edən müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr yaratdı. Bu nəticənin arxasında isə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs fədakarlığı dayanır.
Ona görə də 27 sentyabr yalnız qələbəyə aparan yolun başlanğıcı deyil, ilk növbədə şəhidlərimizi yad etdiyimiz və onların qarşısında mənəvi borcumuzu dərk etdiyimiz gündür. Onlar öz gələcəklərindən keçərək Azərbaycanın gələcəyini seçdilər. Bu fədakarlığın qiyməti heç bir sözlə tam ifadə edilə bilməz.
Vətən yalnız sərhədlərlə müəyyən olunan coğrafi məkan deyil. Vətən insanın doğulduğu ev, uşaqlığının keçdiyi küçə, ata-baba yurdu, xatirələri və doğma torpağın qəlbdə yaşatdığı duyğudur. Qarabağ uğrunda mübarizə də yalnız torpaqların azadlığı uğrunda mübarizə deyildi. Bu, milli yaddaşın, tarixi ədalətin və doğma yurda bağlılığın mübarizəsi idi.
Bu gün həmin mübarizənin nəticələrini Qarabağın hər yerində görmək mümkündür. Dağıdılmış şəhər və kəndlərdə yenidən həyat qurulur, yollar salınır, məktəblər, yaşayış məhəllələri və müasir infrastruktur yaradılır. Vaxtilə yalnız arzu kimi görünən qayıdış bu gün reallığa çevrilir.
Qarabağda doğulmuş bir insan üçün bu mənzərənin yaratdığı duyğular isə daha dərindir. Mən Qarabağda, Ağdam şəhərində doğulmuşam. Uzun illər doğma torpaqlarımı yalnız xatirələrimdə yaşatmışam. İllər sonra doğulduğum Ağdam şəhərini yenidən görmək mənim üçün sözlə ifadəsi çətin olan, həm kövrəldən, həm sevindirən, həm də böyük qürur yaşadan bir hissdir.
Doğma torpaqda dayanıb yeni həyatın qurulduğunu görərkən insan anlayır ki, qələbənin ən böyük mənası yalnız torpağın azad olunması deyil, həmin torpaqda həyatın yenidən bərpa edilməsidir. Şəhidlərimizin uğrunda can verdiyi torpaqlarda insanların yaşaması, uşaqların böyüməsi, məktəblərin fəaliyyət göstərməsi və şəhər-kəndlərin yenidən qurulması onların ruhuna verilən ən böyük ehtiramdır.
Bu baxımdan Qarabağda həyata keçirilən quruculuq işləri yalnız infrastruktur layihələri deyil. Bu, həm də milli yaddaşımızın öz məkanı ilə yenidən birləşdirilməsi, uzun illər davam edən ayrılığın aradan qaldırılması və gələcəyə inamın möhkəmləndirilməsidir.
Bu gün bütün bunları düşünərkən, doğma Qarabağımız və illər sonra yenidən gördüyüm Ağdamı xatırlayarkən qəlbimdə dərin minnətdarlıq hissi yaranır. Bu minnətdarlıq ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevədir. Doğma torpaqlarımıza qayıtmaq, Qarabağın və doğulduğum Ağdamın yenidən dirçəlişini görmək imkanını bizə yaşadan bu tarixi prosesdə göstərilən siyasi iradəyə və qətiyyətə görə minnətdaram.
Lakin bu gün yaşadığımız sevincin arxasında ən böyük fədakarlıq sahibi olanları – əziz şəhid qardaşlarımızı heç vaxt unutmamalıyıq. Onlar bu torpaqların azadlığı üçün öz canlarını fəda etdilər. Əgər bu gün doğma torpaqlarımızda rahat addımlayır, Qarabağda üçrəngli bayrağımızın dalğalandığını görürüksə, bunun arxasında şəhidlərimizin müqəddəs qanı dayanır.
Əziz şəhid qardaşlarım, siz bu torpaqlardan ayrılmadınız – siz bu torpaqlarda əbədi qaldınız. Sizin adınız Qarabağın torpağında, dağında və yenidən qurulan şəhərlərində yaşayacaq. Bizim bu gün gördüyümüz hər yeni yol, hər işığı yanan ev sizin müqəddəs fədakarlığınızı xatırladır. Sizdən bizə əmanət qalan Vətəni qorumaq və gələcək nəsillərə daha güclü şəkildə çatdırmaq bizim ən böyük borcumuzdur.
Bu tarix bizim üçün həm sükut, həm də düşüncə günüdür. Bu gün Qarabağa baxarkən keçmişin ağrısı ilə gələcəyin ümidini eyni anda hiss edirəm. İllərlə həsrətində olduğumuz torpaqları yenidən görmək və Qarabağın dirçəlişinə şahid olmaq mənim üçün böyük xoşbəxtlikdir.
27 sentyabr bizə xatırladır ki, Vətən torpaqdan başlayır, yaddaşla yaşayır, şəhid qanı ilə müqəddəsləşir və gələcək nəsillərin əməlləri ilə qorunur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.



