AnalitikaGündəmSiyasət

Azərbaycanın investisiya imkanları və yeni iqtisadi hədəflər

Sentyabrın 26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edərək moderator Adebayo Oqunlesinin suallarını cavablandırıb.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son illərdə keçdiyi iqtisadi inkişaf yolu və qarşıda duran yeni hədəflər geniş şəkildə diqqətə çatdırılıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, maliyyə resurslarının artması, qeyri-neft sektorunun inkişafı və infrastrukturun yenilənməsi ölkəni beynəlxalq investorlar üçün yeni imkanlar məkanına çevirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın geostrateji mövqeyinin iqtisadi və investisiya imkanlarına təsiri xüsusi yer tutub.
Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Dövlət başçısı tranzit daşımalarının həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, rəqəmsallaşma və gömrük idarəçiliyinin təkmilləşdirilməsinin ölkənin regional logistika imkanlarını daha da genişləndirəcəyini bildirib.
Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi yalnız tranzit imkanları ilə məhdudlaşmır. Ölkə Şərqlə Qərb, Şimalla Cənub arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və yeni təchizat zəncirlərinin formalaşmasında mühüm rol oynayan məkana çevrilir.
Azərbaycanın enerji siyasəti də çıxışın əsas mövzularından biri olub. Təbii qaz hasilatının və ixrac imkanlarının genişləndirilməsi ilə yanaşı, elektrik enerjisinin Avropa bazarlarına ixracı ölkənin gələcək enerji strategiyasında mühüm istiqamət kimi təqdim edilib.
Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə artıq yalnız neft və qazla ölçülmür. Bərpaolunan enerji potensialının reallaşdırılması və elektrik enerjisi ixracının genişləndirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yeni mərhələyə çıxara bilər.
İnvestor üçün sabitlik və proqnozlaşdırılan mühit
Prezident İlham Əliyev investisiya qərarlarında təhlükəsizlik və sabitliyin, əlverişli investisiya mühitinin, proqnozlaşdırılan vergi sisteminin və iqtisadi şəraitin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın məqsədi ölkəyə yalnız maliyyə kapitalının deyil, eyni zamanda qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin və müasir biznes yanaşmalarının cəlb edilməsidir. Bu yanaşma iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına və yeni istehsal sahələrinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyev təhsil və kadr hazırlığının Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını bildirib. Xaricdə təhsil proqramlarının həyata keçirilməsi nəticəsində minlərlə gəncin beynəlxalq təcrübə qazanması ölkənin insan kapitalının gücləndirilməsinə xidmət edib.Bu yanaşma göstərir ki, Azərbaycanın gələcək iqtisadi inkişaf modelində yüksək ixtisaslı mütəxəssislər, innovasiya və texnologiyalar xüsusi əhəmiyyət daşıyacaq.
Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı diqqət mərkəzində
Prezidentin çıxışında iqlim dəyişiklikləri, su ehtiyatları və ərzaq təhlükəsizliyi məsələlərinə də toxunulub. Azərbaycanın daxili istehsal imkanlarının artırılması və idxaldan asılılığın azaldılması bu sahədə qarşıya qoyulan əsas hədəflərdən biri kimi təqdim edilib.
Bu istiqamətdə kənd təsərrüfatının modernləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və müasir texnologiyaların tətbiqi həm daxili tələbatın ödənilməsinə, həm də yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.
Prezident İlham Əliyev investorları Azərbaycanda yaradılan imkanlardan yararlanmağa dəvət edərək ölkənin açıq və əməkdaşlığa hazır mövqeyini ifadə edib. Dövlət başçısının mesajlarından biri ondan ibarət olub ki, Azərbaycan xarici investorlarla münasibətlərdə yalnız kapital cəlb etməyi deyil, texnologiya, təcrübə və yeni imkanların ölkəyə gətirilməsini də mühüm hesab edir.
Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız investisiya imkanlarının təqdim olunduğu platforma deyil, Azərbaycanın qlobal iqtisadi sistemdə artan rolunun nümayiş etdirildiyi mühüm beynəlxalq tədbir kimi yadda qaldı. Forumun nəticələri Azərbaycanın etibarlı tərəfdaş, regional bağlantıların mühüm mərkəzi və yeni iqtisadi layihələr üçün geniş imkanlara malik ölkə kimi beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərir.

Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button