AnalitikaDünyaGündəm

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edir

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edərək Azərbaycanın iqtisadi inkişaf perspektivləri, investisiya imkanları və regionda artan strateji rolu ilə bağlı sualları cavablandırıb.

Tədbirdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, ölkənin investisiya mühitinin inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşüb. Dövlət başçısı gələcək inkişafın təmin edilməsində iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft-qaz sektorunun potensialından daha geniş istifadə olunmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas istiqamətlərdən biri bərpaolunan enerji sektorudur. Azərbaycanın böyük günəş və külək enerjisi potensialının ölkənin enerji strategiyasında mühüm yer tutduğu bildirilib. Bununla yanaşı, nəqliyyat, logistika və regional bağlantılar da investisiya baxımından perspektivli sahələr kimi təqdim olunub. Azərbaycanın dəmir yolları, limanlar və digər nəqliyyat infrastrukturu vasitəsilə Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu daha da gücləndirmək imkanları qeyd edilib.

Forum çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm sənədlərin mübadiləsi də baş tutub. “SOCAR”, “XRG” və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, həmçinin “SOCAR” ilə “Comstock Resources” arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi ilə bağlı sənədlər mübadilə edilib.

Forumda Azərbaycanın investorlar üçün yaratdığı imkanlar, siyasi və iqtisadi sabitlik, əlverişli investisiya mühiti, enerji resursları, əlverişli coğrafi mövqe və inkişaf etmiş infrastruktur kimi amillər də müzakirə olunub. Eyni zamanda rəqəmsal infrastruktur, insan kapitalı, kənd təsərrüfatı, enerji ötürülməsi və enerjinin saxlanması kimi sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq investorlarla birbaşa dialoqunun inkişafı baxımından mühüm platforma kimi çıxış edib. Tədbir ölkənin iqtisadi potensialının, investisiya imkanlarının və regional bağlantı layihələrinin beynəlxalq biznes ictimaiyyətinə təqdim olunmasına şərait yaradıb.

Forum çərçivəsində səsləndirilən fikirlər və imzalanan sənədlər Azərbaycanın qarşıdakı dövrdə iqtisadiyyatın şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini göstərir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya siyasətinin və yeni iqtisadi inkişaf gündəliyinin təqdim edildiyi mühüm beynəlxalq tədbirlərdən biri kimi qiymətləndirilə bilər.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button