
“Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsinə dair mühüm strateji mesajları özündə ehtiva edir. Çıxışın əsas xətti ondan ibarətdir ki, son onilliklərdə formalaşdırılmış iqtisadi sabitlik, maliyyə dayanıqlığı və geniş infrastruktur bazası artıq yeni investisiya mərhələsinin başlanması üçün əsas yaradır. Son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi və bunun təxminən yarısının xarici investisiyaların payına düşməsi Azərbaycanın investorlar üçün formalaşdırdığı etimad mühitinin mühüm göstəricisidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, növbəti mərhələnin əsas hədəfi iqtisadiyyatın daha da şaxələndirilməsi və neft-qaz gəlirlərindən yaranan imkanların yeni iqtisadi sahələrin inkişafına yönəldilməsidir. Bu baxımdan bərpaolunan enerji, logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və süni intellekt xüsusi əhəmiyyət daşıyır. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu, günəş və külək layihələrinin inkişafı, enerjisaxlanc və ötürücü sistemlərinin genişləndirilməsi Azərbaycanın enerji siyasətinin istehsal, ötürmə və ixrac imkanlarının vahid sistemdə formalaşdırılmasına yönəldiyini göstərir. Xüsusilə əlavə enerji potensialının data mərkəzləri və süni intellekt infrastrukturu ilə əlaqələndirilməsi Azərbaycanın yeni texnoloji iqtisadiyyat üçün mövqeyini gücləndirə biləcək istiqamətlərdəndir.
“Dövlət başçımızın çıxışında logistika və nəqliyyat da iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi önə çəkilir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün dəmir yolları, limanlar, avtomobil yolları və hava nəqliyyatı infrastrukturuna yatırılan investisiyalar ölkənin coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək məqsədi daşıyır. Tranzit daşımalarının bu il 16 milyon tona çatmasının və 2030-cu ilədək 25 milyon ton və daha yüksək həddə yüksəldilməsinin hədəflənməsi bu siyasətin uzunmüddətli xarakterini göstərir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın enerji və nəqliyyat bağlantılarının genişləndirilməsi ölkənin regional geoiqtisadi rolunu da dəyişir. Xəzərin dibi ilə Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək elektrik kabeli və Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxışı nəzərdə tutan 4 giqavatlıq layihə Azərbaycanın gələcək elektrik enerjisi və rəqəmsal bağlantı sistemlərinin iştirakçısı kimi mövqeyini gücləndirə bilər. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ilə siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.
Rəşadət Xalıqov bildirib ki, bununla belə, neft-qaz sektorunun rolu hələ uzun müddət yüksək olaraq qalacaq. Yeni müqavilələr, o cümlədən Exxon ilə qeyri-ənənəvi yataqlar üzrə əməkdaşlıq və “Abşeron” yatağının ikinci mərhələsi üzrə layihələr enerji sektorunun investisiya gündəliyində əhəmiyyətini qoruduğunu göstərir. Burada əsas məqam neft-qaz sektorunun yaratdığı maliyyə, texnologiya və insan kapitalı imkanlarından istifadə etməklə qeyri-neft iqtisadiyyatının inkişafını sürətləndirməkdir.
Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas vəzifə daha yüksək əlavə dəyər yaradan, texnologiya və insan kapitalına əsaslanan iqtisadi model formalaşdırmaqdır. Bu baxımdan peşəkar kadrların hazırlanması, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, enerji və nəqliyyat infrastrukturu vahid inkişaf strategiyasının elementləridir. Azərbaycanın gələcək iqtisadi rəqabət qabiliyyəti də məhz sabitlik, bağlantı, enerji potensialı, texnologiya və insan kapitalının bir araya gətirilməsindən asılı olacaq.


